Enerji strategiyasında yeni səhifə: Azərbaycan enerji sektorunda öz mövqelərini möhkəmləndirir

Prezident İlham Əliyevin də iştirak etdiyi Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi ölkəmizin enerji strategiyasında əsas hadisələrdən biridir. Tədbirin əhəmiyyəti təkcə mühüm infrastruktur obyektinin açılışı ilə məhdudlaşmır. Təbii ki, dövlətimizin başçısı tərəfindən ölkənin strateji sənayenin yeni istiqamətinin mühüm oyunçusuna çevrilməsinə imkan verəcək belə bir əlamətdar obyektin açılışı qeyri-adi hadisədir. Lakin eyni dərəcədə vacib mövzu Azərbaycanın enerji sektorunun transformasiyasının növbəti mərhələsinin başlanğıcıdır. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının açılışının xüsusi əhəmiyyətini qeyd etdi: “Bu gün biz çox qürur duyuruq ki, nisbətən qısa müddətdə - il yarımdan bir qədər çox müddətdə bu boş hissə Abşeron yarımadası yaşıl enerji mənbəyinə çevrilib. Bu, böyük nailiyyətdir”.

Prezident İlham Əliyev tərəfindən günəş elektrik stansiyasının açılışının nə üçün mühüm hadisə olduğunu və bunun Azərbaycana hansı töhfələr verəcəyini nəzərdən keçirək. İlk növbədə, günəş elektrik stansiyasının açılışının daxili faydalar kontekstində əhəmiyyətini təhlili onu deməyə əsas verir ki, obyektin açılışı ölkəyə bir sıra vacib məqsədlərə, o cümlədən, ölkəni daha ucuz elektrik enerjisi ilə təmin edilməsinə və yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Bu isə vətəndaşlarımızın həyat səviyyəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, günəş elektrik stansiyasında işləmək üçün yüksək ixtisaslı kadrların işə cəlb edilməsi nəzərdə tutulur. Bu isə ixtisaslaşmış kadrlara öz təcrübələrini ötürməyə imkan verəcək və nəticədə növbəti onilliklərdə dünyada ən çox axtarılan peşəkarlar sırasında olacaq yaşıl enerji üzrə mütəxəssislərin hazırlanmasında Azərbaycanın rolunu artıracaq.

Açılış mərasimini qlobal miqyasda nəzərdən keçirsək, ən başlıcası Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində real addım atmış ölkələrdən birinə çevrilməsidir. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı ölkənin enerji sektorunun əsas oyunçuları panteonunda mövqelərinin möhkəmlənməsi üçün zəruri ilkin şərait yaradır. Prezident İlham Əliyev qeyd edib ki, bu, Azərbaycanın yaşıl enerji sahəsində mühüm ölkəyə çevrilməsinin yalnız başlanğıcıdır: "Bugünkü layihə bir çoxları arasında birincidir. Dediyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq. Amma bizim planlarımız daha genişdir. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik”.

Azərbaycan artıq etibarlı neft və qaz təchizatçısı kimi tanınır. Xarici tərəfdaşlarla etibarlı münasibətlərin qurulması üçün uzun və gərgin iş aparıldı. Bu isə rəsmi Bakının hazırda mühüm enerji aktoru kimi tanınmasında əsas səbəblərdən biridir. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı Azərbaycana daha bir mühüm addım atmağa - təbii sərvətlərin ixracatçısından elektrik enerjisi ixracatçısına çevrilməsinə imkan verir. Bu transformasiya milli iqtisadiyyatın şaxələndirilməsinə, ixrac potensialının genişləndirilməsinə, yeni strateji sahədə “nou-hau”nun yaradılmasına və ən azı, Azərbaycanın aparıcı enerji ölkələri sırasına çıxarılmasına şərait yaradır.

 Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olmasının vurğulayab Prezident İlham Əliyev bildirdi ki, “ Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik”.

Ölkə başçısı hazırda dünyada gedən geosiyasi proseslər fonunda bu sahədə yaranacaq vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərarların qəbul olunmasının vacibliyini də qeyd etdi: “Əlbəttə, bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”.

Beləliklə, qənaət edilən qaz həcmlərini başqa ölkələrdəki tərəfdaşlara göndərə bilər ki, bu da Azərbaycana xarici valyuta axınını artırmağa və özünü gücləndirməyə imkan verəcək. Digər tərəfdən geosiyasətdəki struktur dəyişiklikləri rəsmi Bakı üçün iqtisadi üstünlüklərlə yanaşı, siyasi üstünlüklər və təsir rıçaqları da təmin edən imkanlar yaradıb. Beləliklə, Azərbaycanın yaşıl enerjiyə keçidi ölkəni böyük geosiyasi oyunçular, o cümlədən Aİ üçün daha vacib tərəfdaşa çevirir. Müasir dünyada çox vacib olan digər məqam ətraf mühitə qayğıdır. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət aydındır. Azərbaycanın yaşıl enerjiyə keçidi həm də uzunmüddətli təhlükəsizlik məsələsidir, çünki iqlim dəyişikliyi bir çox strateji əhəmiyyətli sənaye sahələrini təhdid edə bilər. Kənd təsərrüfatı, nəqliyyat, eləcə də sosial rifah təbii dəyişikliklərə ciddi təsir göstərə bilər ki, bu da iqlimə qayğını hər bir dövlətin gündəmində mühüm amilə çevirir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin enerji strategiyası ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası istiqamətində çox mühüm addım atıldı. Dövlət başçısının sistemli yanaşması bu gün Azərbaycana keçmiş investisiyalardan dividendlər almağa və eyni zamanda gələcək nailiyyətlər üçün möhkəm zəmin yaratmağa imkan verir.

 Milli Məclisin Komitə sədri,

professor Hicran Hüseynova