"Ermənistan biabırçı məğlubiyyəti ilə artıq barışmalıdır" 

"Artıq Ermənistan ağır məğlubiyyətlə razılaşmalı, üzərinə götürdüyü öhdəlikləri icra edərək, təxribatlarına son qoyaraq, sülh müqaviləsinə imza atmalıdır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, Ermənistan təxribatlarına davam edərsə, bu onun bir ölkə kimi xəritədən silinməsinə gətirib çıxaracaq: "Erməni silahlı qüvvələrinin Kəlbəcər və Tovuz istiqamətində təxribatlara əl atması qəbuledilməzdir və 10 noyabr bəyannaməsinin kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, 30 il ərzində işğala göz yuman dünya Ermənistanın bu təxribatlarına susqunluğunu qorumaqda davam edir. Bu da bir daha ölkəmizə qarşı ikili münasibətin sübutudur. Ermənistan və onun havadarları döyüş meydanındakı biabırçı məğlubiyyəti ilə artıq barışmalı, Azərbaycanın diqtə edən tərəf olduğunu qəbul etməlidir".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm zəfər Ali Baş Komandan İlham Əliyevin dövlət başçısı seçildiyi gündən bu günə kimi bütün sahələrdə, eləcə də ordu quruculuğu sahəsində atdığı, gələcəyə hesablanmış addımların nəticəsi idi: "44 günlük Vətən müharibəsi tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Ermənistanın illərdir yaratdığı mifi dağıtmış oldu. Qarabağ artıq öz sahibinə geri qaytarılıb. İllərdir doğma dədə-baba yurdlarına həsrət qalan soydaşlarımız evlərinə qovuşurlar. Qısa zamanda 30 il ərzində erməni vəhşiliyinə məruz qalmış rayon, şəhər, kəndlər yenidən bərpa olunacaq, vətəndaşlarımızın rahat və firavan yaşaması üçün bütün şərait yaradılacaq".