Etibarlı gələcəyimizin və güclü dövlətçiliyimizin təminatı olan siyasi kurs

Tarixinin ən güclü Azərbaycanı, torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət, regionda və dünyada söz sahibi… Olduqca qürurvericidir ki, bu gün vətənimiz haqqında söz açanda, keçdiyimiz inkişaf yollarına nəzər salanda ilk növbədə məhz belə ifadələrdən istifadə edirik. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan elə bir inkişaf səviyyəsinə yüksəlib, elə bir qüdrətli dövlətə çevrilib ki, elə möhtəşəm uğurlara imza atıb ki, buna görə ölkəmizə yalnız həsəd aparmaq olar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltmasını hər birimiz böyük fəxrlə, qürurla izlədik. Həmin vaxt çıxışında cənab Prezident demişdi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi". 

Geridə qoyduğumuz 20 ildə xalqımız Prezident İlham Əliyevdən yalnız və yalnız dövlətə və xalqa xidmətin ən möhtəşəm nümunələrini görüb. Hər bir azərbaycanlı cənab İlham Əliyevin qətiyyətli, cəsarətli və müstəqil siyasətinə, respublikamızı inkişaf etdirmək siyasətinə şahidlik edib. Və bu siyasət hər addımda ilk növbədə ölkəmizin milli maraqlarının təmin edilməsinə, Azərbaycan vətəndaşlarının mənafelərinin qorunmasına, onların rifahına və təhlükəsizliyinə xidmət edib. Bu siyasətin nəticəsi kimi böyük inkişaf yolu keçən, iqtisadiyyatını 4 dəfə böyüdən Azərbaycan həm makroiqtisadi göstəricilərinə, həm də qlobal nüfuzuna görə regionun aparıcı, söz sahibi olan dövlətidir. Prezident İlham Əliyev müdrikliyi, siyasi diplomatiyası ilə həyata vəsiqə alan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, o cümlədən "Cənub qaz dəhlizi" ölkəmizin beynəlxalq münasibətlərdəki mövqelərini gücləndirib, qlobal nüfuzunu artırıb.

Bütün bunları dəyərləndirən Azərbaycan xalqı hər zaman öz rəhbərinin ətrafında sıx səfərbər olub. Bütün seçkilərdə seçicilərin mütləq hissəsi cənab İlham Əliyevə etimad göstərib, Heydər Əliyev ideyalarının davam etdirilməsinə səs verib.

Torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi dövlətimizin yeganə və ağrılı problemi idi. Hələ 20 il əvvəl ilk dəfə Azərbaycan Prezidenti kimi and içərkən cənab İlham Əliyev bəyan etmişdi ki, bizim səbrimiz də tükənməz deyildir və Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir.

Ötən 20 illik tariximizə nəzər salanda, bu dövrün proseslərini təhlil edəndə bir daha görürük ki, Prezident İlham Əliyev bu məqsədə çatmaq üçün nə qədər gərgin iş aparıb. Bu yolda cənab Prezident dünya erməniliyinin təzyiq və təhdidlərini qətiyyətlə dəf edib, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq kimi məkrli cəhdlərin qarşısını fədakarcasına alıb. Danışıqlar prosesində Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına zidd olan bütün təklif və təşəbbüslərin qarşısını elə yerindəcə alıb. 

Cənab Prezident bu illər ərzində ad günü zamanı adətən məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşüb, sosial obyektlərin açılışında iştirak edib. Belə görüşlərdə Prezidentin verdiyi mesajlar hər birimizin torpaqlarımızın işğaldan azad olunacağı ilə bağlı inamını daha da gücləndirirdi. Həm də cənab İlham Əliyev açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad edəcək. Bunun üçün həyata keçirilən hərbi islahatlarla Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş hazırlığı ən modern səviyyəyə çatdırıldı.

Beləliklə, Prezident İlham Əliyev nə demişdisə, necə demişdisə, elə də etdi. Dövlətimizin başçısı 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla böyük bir tarixi və şərəfli missiyanı yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev sərkərdə qətiyyəti ilə dövlətçilik tariximizin şərəf salnaməsini yaratdı. 

Bu ilin sentyabr ayında Qarabağda erməni separatçılarının darmadağın edilməsi isə İlham Əliyev qətiyyətinin təntənəsinə çevrildi. Bu savaşda İlham Əliyev yalnız Ermənistanı məğlub etmədi. Müzəffər Ali Baş Komandanımız dünya erməniliyinə də qalib gəldi, ikili standartlardan çıxış edib erməni təəssübünü çəkən Fransanı məğlub etdi.

Bu gün cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə işğaldan azad edilmiş torpaqlarımız bərpa edilir, dövlətimiz bu ərazilərə yenidən həyat bəxş edir. İndiyədək 4 min nəfərdən artıq soydaşımızın doğma torpaqlarına dönüşü, bütün rayon mərkəzlərinin, onlarca kəndin bərpa edilməsi, yolların çəkilməsi, hava limanlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, elektrik yarımstansiyalarının, su-elektrik stansiyalarının inşası göstərir ki, Böyük qayıdış sürətlə reallaşır.

Prezident İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də himayədarıdır. Qürur hissi ilə deməliyəm ki, ötən 20 ildə Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti böyük inkişaf yolu keçərək regionun ən güclü milli cəmiyyətlərindən birinə çevrilib. Bu illər ərzində əlamətdar tarixlərdə Prezident İlham Əliyevin cəmiyyətimizə təbriklər ünvanlaması fəaliyyətimizə verilən ali qiymətdir.

Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında ölkə Prezidenti İlham Əliyevin bu seçkilərdə namizədliyi partiya tərəfindən irəli sürülüb. Bu qərar yalnız YAP üzvlərinin deyil, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sıralarında birləşən 350 mindən artıq üzvümüzün, on minlərlə könüllümüzün istəklərinin təcəssümüdür. Onların hamısının yekdil mövqeyi belədir ki, Azərbaycan əldə etdiyi bu möhtəşəm uğurları davam etdirməli, möhkəmləndirməlidir. İlham Əliyevin rəhbərliyi Azərbaycanın inkişafı, güclü dövlət olması, milli maraqlarımızın təmin edilməsi, sabitlik, əmin-amanlıq deməkdir. İlham Əliyevin prezidentliyi və Heydər Əliyev ideyaları etibarlı gələcəyimiz deməkdir. Ona görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dekabrın 21-də keçirilən növbədənkənar XXVI Baş Məclisinin iştirakçıları gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ölkə Prezidenti, cəmiyyətimizin fəxri üzvü İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyildiyi kimi, biz bu dəfə də prezidentliyə namizəd, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevi müdafiə edirik, onunla bir yerdə olduğumuzu elan edirik. Azərbaycan ayparaçıları 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs verməyə çağırırlar.

Qarşıdan gələn prezident seçkiləri daşıdığı mənəvi dəyər baxımından indiyə qədər Azərbaycanda keçirilmiş bütün seçkilərdən fərqlənir. Ona görə ki, bu, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın bütün ərazilərində keçirilən ilk seçki kimi tarixə düşəcək. Bu mənada Azərbaycan seçiciləri müstəqillik tarixində ilk dəfə olaraq seçkilərə qalib xalqın təmsilçiləri kimi qatılacaqlar. 

Bütün bunlar qarşıdan gələn növbədənkənar prezident seçkilərinin nəticələrini müəyyənləşdirən mühüm amillərdir. Xalqımız hər zaman olduğu kimi, bu dəfə də müdrik seçimini edəcək, cənab İlham Əliyevin ətrafında səfərbər olaraq, inkişafa, rifaha və güclü dövlətçiliyə səs verəcək. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxminli kollektivi olaraq cənab Prezidenti ad günü münasibətilə təbrik edirik və qarşıdan gələn növbədənkənar seçkilərdə də öz səsimizi Müzəffər Ali Baş Komandana verəcəyik. Azərbaycanı qələbədən-qələbəyə aparan milli lider İlham Əliyev bu seçkilərin də qalibi olmağa hamıdan çox layiqdir, bu, onun tam haqqıdır.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərba