Azərbaycanın sabitlik və inkişaf dövrü

"Bü gun müasir, müstəqil, güclü Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin vəfatından 17 il ötür. Xalqımız ən ağır anlarında məhz ulu öndərimizi hakimiyyətə dəvət etmişdir və yalnız ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, indi də ulu öndərimizin siyasəti onun layiqli davamçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur. Möhtəşəm qələbəmizin haqlı qürurunu yaşadığımız bu günlərdə ulu öndərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik".