Malik Həsənov: Azərbaycan Minsk qrupunun ədalətli mövqeyini gözlədi, amma olmadı

"Dövlətimizin başçısı İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşü, görüşdə ölkə Prezidentinin nitqindən irəli gələn məsələlər 28 ildə vasitəşilik missiyasını yerinə yetirən qurumun fəaliyyətini bir daha nəzərdən keçirib qiymətləndirmə aparmağı zərurətə çevirir. 28 il vasitəçilik və 44 gündə Azərbaycan dövlətinin qətiyyəti sayəsində münaqişənin həlli arasında müqayisəli təhlil özlüyündə bu vasitəçiliyin ədalətə deyil, maraqlara söykəndiyini bir daha ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyev istər görüşdəki nitqində, istərsə də 44 günlük müharibə dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu məqamı önə çəkib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq ABŞ, Fransa və Rusiya qətnamələrin qəbulunda iştirak edib və bu sənədləri dəstəkləyiblər. Bu baxımdan həmin dövlətlər işğalçı Ermənistana təzyiq göstərmək, sanksiyalar tətbiq etmək imkanına malik idilər. Təbii ki, istəsəydilər bunu edə bilərdilər. Amma istəmədilər. 28 ilin reallığı bu idi ki, işğalçı adı ilə çağırılmır, amma münaqişənin həllinə vasitəçilikdən bəhs edilir. Bu, beynəlxalq hüquqa, ədalətə nə dərəcədə uyğun idi?” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, nəinki 28 ildə, eyni zamanda, 44 günlük müharibə dövründə ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlarla yanaşmalarını aydın şəkildə gördük: "Vasitəçi neytral olmalıdır. Amma Azərbaycan daim bitərəfliyin şahidi olub. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə " BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi” fikirləri ilə həmsədrlərin səfərlərinin mənasızlığını bir daha onların diqqətinə çatdırdı. 28 ildə vasitəçilik missyasının nədən ibarət olduğunu işğalçı Ermənistana dəstəyə görə dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu gün ölkəmizə, buradan isə İrəvana səfər edib bundan sonrakı vəziyyəti müzakirə etmələri maraq doğurmaya bilməz. Amma düşünürdük ki, onlar bu səfərləri ilə ya mandatlarından imtina etmək, yaxud da tərkibinin dəyişdirilməsi təklifi ilə çıxış edəcəklər. Demək ki, vasitəçilik missyalarının mahiyyətini və məqsədli şəkildə fəaliyyətsizliklərini hələ də dərk etməyiblər. Beynəlxalq hüququn, ədalətin 28 ildə kobud şəkildə pozulduğunu, haqqın-ədalətin Azərbaycanın tərəfində olduğunu bilərəkdən münaqişənin həlli prosesini uzadıb Ermənistana vaxt qazanmaq üçün köməklik göstərmələri ilə özlərinə inamsızlıq yaradan ATƏT-in Minsk qrupunun həmsədrləri hazırkı münasibəti dəyişmək imkanında deyillər. Bu baxımda da necə gəldilərsə, elə də getmək məcburiyyətində qaldılar. 28 il "müharibənin hərb yolu yoxdur” söyləyən həmsədr dövlətlər 44 gündə bunun mövcudluğunu nəinki gördülər, eyni zamanda, Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyinin şahidi oldular. İşğala son qoyuldu, haqq-ədalət bərpa edildi, regionda yeni reallıqlar yarandı və Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, hər kəs bu reallıqlarla barışmalıdır.”

Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin nitqində həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlar vardır: "Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir. Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək.”

"Dövlətimizin başçısı İlham Əliyevin fikirlərindən aydın görünür ki, artıq sülhməramlılıq konsepsiyasının konturları formalaşıb və hər iki tərəf bunu məqbul hesab edib” söyləyən M.Həsənov vurğulayıb ki, qarşıdakı dövrün prioritetləri məlumdur: "Regiona yeni canlanma gətirilməli, yeni inkişaf olmalıdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclü dövlətdir və buna hazırdır. Azərbaycan uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması yollarını göstərib. Ölkəmizin şanlı Qələbəsi ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına dair müzakirələr üçün yeni imkanlar açdı. Ümumi qənaət budur ki, Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildə bu reallığın da fərqində olmalı idilər.”