Azərbaycanla Yaponiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov və Yaponiyanın xarici işlər nazirliyinin Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Toşihiro Aiki arasında görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, X.Xələfov ölkəmizin Yaponiya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib. 

Azərbaycan və Yaponiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edən X. Xələfov Yaponiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, Azərbaycan və Yaponiya arasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunaraq, iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcud olduğunu söyləyib.

Nazir müavini regionda irimiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolundan danışaraq Yaponiyanın regional əməkdaşlıq çərçivəsində həmin layihələrdə gələcəkdə də iştirakının mümkünlüyünü qeyd edib. O, yapon şirkətlərini Azərbaycanda sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, istehsalat, səhiyyə, əczaçılıq və turizm kimi sahələrdə daha fəal olmağa çağırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan diplomat Ermənistan silahlı qüvvələrinin təmas xəttində azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi son təxribatlar, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verib. Nazir müavini ATƏT-in Minsk Qrupunun üzvləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz olduğu faktını qəbul etdiyini vurğulayıb.

Toşihiro Aiki Yaponiyanın Azərbaycanla xüsusi münasibətlərə malik olduğunu qeyd edərək bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasında verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qonaq hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının ən qısa müddət ərzində keçirilməsinin vacibliyini bildirib və ölkəsinin Azərbaycanla enerji, sənaye, kənd-təsərrüfatı, yüksək texnologiyalar və digər qeyri-neft sektoru sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Toşihiro Aiki ölkəsinin münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərini diqqətə çatdırıb. O, son hadisələr də daxil olmaqla, bu münaqişə nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşları ilə bağlı başsağlığını ifadə edib