Millət vəkili: Maliyyə bazarlarında problemlər Mərkəzi Bankla bağlıdır

"Maliyyə bazarındakı problemlər Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır”.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatıİlham Əliyev deyib. 

"Maliyyə bazarında yaranan problemlərin kökü Mərkəzi Banka gedib çıxır. Düzdür, indi bankların fəaliyyətinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətindədir. Amma buna qədər Mərkəzi Bank bankların fəaliyyətinə nəzarət edirdi.

Lisenziyası ləğv olunan banklarda problemin yaranacağını əvvəlcədən müəyyənləşdirmək olmazdı? Məsələn, "Texnikabank”ın fəaliyyəti bərpa edildi. İnsanlar bura əmanət yatırmağa başladılar. Sonradan bankın lisenziyası ləğv olundu. Mən bu məsələyə ona görə toxunuram ki, insanlar bundan çox əziyyət çəkir”, - deyə o qeyd edib. 

İ.Əliyevin bu iradına cavab olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib ki, bu proseslər təkcə Azərbaycanda müşahidə edilmir: 

"Digər dövlətlərdə də banklar bağlanır, yeni banklar yaranır. Azərbaycanda vaxt var idi 200 bank var idi, sonradan bu banklar bağlandı, yeniləri yarandı. Mərkəzi Bank bankların fəaliyyətinə mütəmadi olaraq nəzarət edib. Bankların fəaliyyətində problem yaranan kimi Mərkəzi Bank bu çətinliyin həllinə çalışıb, müvafiq tədbirlər görüb. 

Mərkəzi Bank bankların müştəriləri qarşısında vəzifə və öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edib. Ən son tədbir kimi bankların lisenziyası alınıb. Bankların fəaliyyətində problemlərin yaranmasına qlobal iqtisadi proseslər səbəb olub.

Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı, bank sistemi dünya iqtisadiyyatına inteqrasiya edib. Xüsusi olaraq dünya bazarında neftin qiymətində azalma müştərilərin vəziyyətinə təsir edib. Bu isə bankların vəziyyətinin pisləşməsinə və son nəticədə lisenziyaların alınmasına səbəb olub. Yəni, bankların bağlanma prosesi təbii haldır”.