Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir

2019-cu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüş zamanı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifinə ölkə başçısının böyük diqqət, qayğı və həssaslıqla yanaşmış və qısa zamanda Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir.
H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır.
Bu il yanvarın 18-də Ölkə başçısı cənab İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə, onun əziz xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha nümayiş etdirmiş oldu. Ölkə rəhbəri tədbirdə çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd edib: "Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir".
Çıxışı zamanı Ölkə rəhbəri xüsusi olaraq vurğulamışdır ki, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır: "Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Bu mövzuya da toxunan cənab Prezident bildirmişdir: "Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir."
Çıxışı zamanı müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fondu barədə də fikirləri bölüşən prezident bildirdi ki, bu fondlar da Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir və bu cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm "YAŞAT" Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Orucova Məhin Əli qızı
Səbail rayonu, C.Hacıyev adına
3 nömrəli Onbirillik Musiqi
Məktəbinin direktoru,
Əməkdar müəllim