3 mart - Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Mərdəkan Reabilitasiya Pansionatında 3 mart - Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin ən geniş yayılmış sezici (sensor) forması sayılır. ÜST-nin məlumatlarına görə, 275 milyondan artıq insan eşitmə qabiliyyətinin itirilməsi və pozulmasından əziyyət çəkir. Qulağın xroniki infeksiyaları, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli faktorları eşitmə qabiliyyətinin itirilməsinin və ağır eşitmənin əsas səbəbləri hesab edilir.

Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi qeyd edilir. Bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis olunub. Həmin günün seçilməsi də rəmzi xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.
Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilədək dünyada təxminən 2,5 milyard nəfər, yəni, hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər. Dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyır. Ona görə də beynəlxalq və yerli səhiyyə təşkilatları, sosial müdafiə qurumları insanları eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq qalmağa, dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında da Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü” münasibətilə maarifləndirici tədbir keçirildi. Pansionatın sakinlərinə ƏƏSMN-nin qulaq gigiyenasına əməl etməyi və eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən çəkinməyi təbliğ edən broşürlər paylanıldı.

Mərdəkan Reabilitasiya Pansionatı əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərən bir müəssisədir.

Pansionatın məqsədi əlilliyi olan şəxslərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılması istiqamətində işlər görməkdir. Müəssisə 1,2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 150 çarpayılıqdır.

Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.

Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında  əsaslı təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv  təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir.
Müəssisədə terapevt, nevropatoloq, kardioloq, stomatoloq, endokrinoloq, epidemioloq və d. ibarət həkim personalı çalışır. Reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir.

Müəssisədə il ərzində 3000 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilir. Onların  hər birinə qoyulan diaqnoza və əlillik dərəcəsinə görə, həkim təyinatı əsasında 14 gün ərzində prosedurlar aparılır. Hazırda müəssisədə müxtəlif əlillik dərəcəsi olan şəxslər sırasında Birinci Qarabağ müharibəsi və  Vətən müharibəsi əlilləri də öz müalicəsini davam etdirir. Burada müalicə olunmaq istəyən Vətən müharibəsi iştirakçıları əsasən, yuxusuzluq və əsəblə bağlı müraciət edirlər. Onlarla fərdi və ya qrup şəklində söhbətlər aparılır. Bir müddət keçdikdən sonra onlar artıq sosiallaşır.

Ünsiyyətdə olduğumuz Mərdəkan Reabilitasiya Pansionatındakı pasientlərdən Solmaz Məmmədova pansionatın direktoru Elmar Məmmədovun, şöbə müdiri Günay Novruzovanın, həkimlər Sahilə Abasovanın, Nəzakət Əlibəyovanın, təmizlik işçisi Aygün xanımın xidmətindən, qayğılı münasibətindən xüsusilə razılıq edir, yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. Əsas istəkləri internetlə təmin olunmaq, bir də idman zalında kişi pasientlərin səhər növbəsinə, qadınların isə günorta növbəsinə keçrilməsi ilə növbəliliyin tənzimlənməsidir. Qeyd edirlər ki, istəklərini pansionat rəhbərliyinə çatdırıblar və onlara müraciətlərinin nəzərə alınacağı söz verilib.

Elnarə Həziyeva