Heydər Əliyev zirvəsi

Naxçıvan Muxtar Respublikasının siyasi həyatında Ulu Öndər Heydər Əliyevlə bağlı olan hadisələr çoxdur. Bu hadisələrin hər biri yalnız muxtar respublikanın tarixinin deyil, bütün Azərbaycanın müasir dövlətçilik salnaməsinin qürurdoğuran səhifələridir. Eyni zamanda bu tarixi məqamların hər biri Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın müdafiəsinin və xalqımızın milli müstəqillik uğrunda mübarizəsinin ayrı-ayrı və şərəfli mərhələləridir.
Bütün bu hadisələrin sırasında Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsinin xüsusi yeri var. Məlum olduğu kimi, Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana qayıdışı muxtar respublikanın, bütövlükdə isə Azərbaycanın siyasi-ictimai həyatında yeni proseslərin başlanması, ən əsası xalqımızın milli azadlıq mübarizəsinin yeni mərhələyə yüksəlməsi ilə əlamətdar olmuşdur. Ulu Öndər görkəmli dövlət xadimi, peşəkar siyasətçi idi. Məhz belə müdrik şəxsiyyətlər tarixin gedişatını, proseslərin nəticəsini əvvəlcədən düzgün proqnozlaşdırmağı, o cümlədən bunu dövlətin və xalqın milli maraqları naminə yönəltməyi bacarırlar. 1990-cı ilin iyul ayında Naxçıvana qayıdan Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi müstəqil dövlətçiliyimizin yaradılması, xalqımızın azadlığı ilə bağlıdır. Ulu Öndər həm də yaxşı bilirdi ki, müstəqilliyimizin  bərpa olunması və güclü dövlətimizin yaradılması onun kimi şəxsiyyətlərin fəaliyyətindən və liderlik keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu mənada Heydər Əliyev hələ Naxçıvana qayıtdıqdan sonra özünün tarixi və mənəvi missiyasını düzgün müəyyən etmiş,  həm Ermənistanın ölkəmizə ərazi iddialarının baş qaldırması səbəbindən blokada vəziyyətinə düşən muxtar respublikanın müdafiəsinin təmin olunmasına, həm də xalqımızın milli azadlıq mücadiləsinin daha geniş vüsət almasına özünün layiqli və dövlətçilik tariximizdə xüsusi yer tutan töhfələrini vermişdir. 
Heydər Əliyevi Naxçıvan əhalisi 1990-cı ilin iyul ayında böyük coşqu və sevgi ilə qarşılamışdı. Təsadüfi deyil ki, elə gəldiyi zamanda Heydər Əliyevin Naxçıvandan iki seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdü. Həmin ərəfədə seçiciləri ilə görüşdə Heydər Əliyevin söylədiyi "Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır… Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, yekdillik lazımdır" fikri də göstərirdi ki, Ulu Öndərin məramı Azərbaycanın müstəqilliyinin təmin olunmasıdır.  
Həmin il keçirilən seçkilərdə Azərbaycan SSR Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilən Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet", "sosialist" sözlərinin çıxarılması, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi, ilk dəfə 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi, o cümlədən 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot olunması xalqımızın müstəqillik uğrunda mübarizəsini yeni mərhələyə yüksəldən tarixi hadisələr oldu. Bu hadisələrin hər birinin müəllifi Heydər Əliyevdir və bütün bunlar tarixmizə Ulu Öndərin dövlət və xalq sevgisinin təcəssümü kimi həkk olunub. 
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-in ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın ilk günündə muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər. Şəhərin Azadlıq meydanında bir neçə gün ara vermədən davam edən və 60-70 min nəfərin iştirak etdiyi mitinqlərdə xalq öz qəti tələbindən dönmürdü. Nəhayət, onların bu haqlı və təkidli tələbi sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında yerinə yetirildi. Bu həmin vaxt idi ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü gündən-günə genişlənir, Naxçıvan üçün təhlükə artırdı.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi milli azadlıq mübarizəsi istiqamətində fəaliyyətin və Naxçıvanın müdafiəsi ilə bağlı görülən işlərin yeni mərhələyə yüksəlməsinə səbəb oldu. Bundan cəmi 45 gün sonra isə Heydər Əliyevin uğrunda cəsarətlə mübarizə apardığı ideallar həyata vəsiqə qazandı: 1991-ci il oktyabrın 15-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bir vaxtlar Heydər Əliyevə və apardığı milli mücadiləyə qarşı çıxan qüvvələr müstəqilliyimizlə barışmalı oldular. Heydər Əliyevin Naxçıvanda ucaltdığı Xalq Cümhuriyyətinin bayrağı isə dövlətimizin milli atributu kimi təsbit edildi.
Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində Naxçıvan blokadaya alınmış, muxtar respublikanın iqtisadi çətinlikləri çoxalmışdı. 1991-ci ilin dekabr ayından Naxçıvana təbii qazın verilməsi, 1992-ci ilin iyulundan isə elektrik enerjisinin ötürülməsi dayanmışdı. Nə Mütəllibov iqtidarı, nə də AXC-Müsavat cütlüyü muxtar respublikanın mövcud ağır vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün heç bir əməli tədbir görməyə maraqlı olmadılar. Belə bir vəziyyətdə Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, Türkiyə və İranla yaratdığı əlaqələr blokada vəziyyətində olan muxtar respublikanın iqtisadi çətinliklərinin dəf olunmasında böyük rol oynadı.  Həmin çətin dövrdə Ulu Öndərin Naxçıvan qarşısında digər tarixi xidməti isə muxtar respublikanın etibarlı müdafiəsinin təşkili oldu. Heydər Əliyev Naxçıvanı qorudu, burada mütərəqqi ordu quruculuğunu həyata keçirdi. Hətta bütün Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda keçmiş sovet qoşunlarının bölmələrinin çıxarılmasına Heydər Əliyevin sayəsində nail olundu. 
Bütün bunlara görə yalnız naxçıvanlılar deyil, bütün xalqımız Heydər Əliyevə məhəbbət və rəğbətlə yanaşırdı. Bu baxımdan 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Ulu Öndərə olan ümumxalq sevgisinin və milli etimadın təcəssümü idi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Azərbaycanın inkişafı, Vətən müharibəsindəki zəfər möhtərəm İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təcəssümüdür. Bütün bunların fonunda Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü daha da möhtəşəm görünür. Çünki fəaliyyətinin Naxçıvan dövrü də daxil olmaqla Heydər Əliyev özünün qətiyyətli siyasi addımları və cəsarətli milli mübarizəsi ilə Azərbaycanı bugünkü uğurlara və qələbələrə aparan yolların möhkəm təməlini yaratmışdır. 

Cəbi QULİYEV,
Milli Məclisin deputatı