Hicran Hüseynova: "Bələdiyyə icmaya ən yaxın olan idarəetmə orqanıdır"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova: bələdiyyə icmaya ən yaxın olan idarəetmə orqanıdır.

“Bələdiyyələrin fəaliyyətinə  inzibati nəzarətin  həyata keçirilməsi ilə bağlı  2022-ci il üzrə  illik Məruzə”nin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təkliflərini səsləndirib.  Komitə sədri  bələdiyyələrin icmaya ən yaxın olan idarəetmə orqanı olmasını vurğulayaraq bildirib ki,   Bələdiyyələrin fəaliyyət səviyyəsinin artırılması ilə yerlərdə bir çox məsələlər həll edilə bilər.  Buna görə də ilk növbədə, bələdiyyələrin  fəaliyyətini gücləndirmək üçün  bu qurumun üzvlərinin və əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılmasına ehtiyac vardır.

Digər bir məsələ isə, maliyyə vəsaitlərinin xərclənməsidir. Əlbəttə ki, burada vacib məsələ  ayrılmış vəsaitin və digər resursların nəticə əsaslı istifadə olunmasıdır. Əgər icma və dövlət bunun nəticələrini görərsə, faydalanarsa onun  imkanları da çoxalacaqdır. O cümlədən vətəndaşların bələdiyyələrə inamı da olacaqdır.   

Mən çox sevinirəm ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə  gender komissiyalarının yaradılmışdır. Bu əlbəttə ki, yerli səviyyədə gender bərabərliyinin təmin olunmasına böyük dəstəkdir. Müsbət  hallardan biri də bir sıra bələdiyyələrdə məşiət zorakılığından əziyyət çəkənlər üçün qaynar xəttin yaradılmasıdır.   Bu sahədə işi daha da gücləndirmək lazımdır. Xüsusi ilə sığnacaqların yaranması, hüquqi və psixoloji xidmətin təşkil edilməsi  həmin fəaliyyətin tərkib hissəsi olmalıdır. Biz digər ölkələrin təcrübəsində bunu aydın şəkildə görürük. Məsələn, Türkiyənin bu istiqamətdə çox yaxşı təcrübəsi vardır. Mən təklif edərdim ki, gələcəkdə  məhz bu  sahədə bələdiyyələrin təcrübə mübadiləsi aparılsın.