Humanizm ənənələrinə sadiqlik

Humanizm, insana sevgi Azərbaycanın yürütdüyü siyasət kursunun ana xəttini təşkil edir. Qırx dörd günlük Vətən savaşında ordumuz beynəlxalq qanunlara məhəl qoymayan, insanlıq əleyhinə qəddarcasına cinayət törədən qəsbkar Ermənistandan fərqli olaraq dinc əhalini hədəf götürmədi, hərbi əsirlərə qarşı normal münasibət bəsləyərək xalqımızın ali, böyük olduğunu sübuta yetirdi. Hərbi əsirlərə amansız münasibət göstərən qəddar düşmən isə yaralı döyüşçülərimizi belə keyidici iynə vurmadan cərrahiyyə əməliyyatı etdi və əsl mahiyyətini ortaya qoydu.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, bununla bağlı kifayət qədər ciddi faktlar var: "Məsələn, qəhrəman qazimiz, cəsur, mübariz hərəkətləri ilə düşmənə yerini göstərən Amin Musayev zirzəmidə tibb protokollarından uzaq olan, həkimə yaraşmayan bir tərzdə keyidicisiz, qəsdən uğursuz əməliyyat edildi. İkinci Qarabağ müharibəsində belə dəhşətli ağrı-acı yaşayan kifayət qədər əlil düşən hərbçilərimiz var. Amma qəsbkarlardan fərqli olaraq, Azərbaycan dövləti hərbi əsirlərlə son dərəcə insani münasibət göstərərək, nümunəvi addım atdı. Ermənistana təhvil verilmiş hərbi əsirlər humanizmin Azərbaycan nümunəsini etiraf etməkdən belə çəkinmədilər. Məhz milli, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin, xalqının insan amilinə sevgisi, verdiyi dəyər bu gün dünyada alqışla, minnətdarlıqla qarşılanır. Ötən gün rəsmi Bakı ali prinsiplərinə sadiq qalaraq 5 Ermənistan hərbçisini azad edərək Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti humanist addımını beynəlxalq ictimaiyyət, dünya dövlətləri, həmçinin son vaxtlar Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi səy göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təqdir etdi. Avqustun 31-də Brüsseldə gerçəkləşən müzakirələrdən sonra daha beş erməni hərbçinin rəsmi Bakı tərəfindən azad edilməsini alqışlayan Şarl Mişel ilk təhvil prosesinin ikitərəfli qaydada həyata keçirilməsinə xüsusi önəm verib".
Rəşad Mahmudov sonda bildirib ki, Azərbaycan bölgədə sülh, əmin-amalıq yaranması üçün bütün imkanları səfərbər edib və dünya buna şahiddir. Azərbaycan tərəflərin götürdükləri öhdəliklərin vaxtında və dəqiq yerinə yetirilməsinin tərəfdarıdır. Azərbaycan Prezidentinin siyasəti sülhə yönəlib, düşmən bunu dəyərləndirməyəcəyi halda isə dövlətimizin başçısının qətiyyəti və “dəmir yumruğu” havadadır.