İflasa uğramış ATƏT-in Minsk Qrupu üçün son nöqtə

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malik tezislərdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi post-müharibə reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir. Üstəlik, həmin güc mərkəzlərinin özləri də Prezident İlham Əliyevin yaratdığı mövcud mənzərədə rol sahibi olmaq arzusundadırlar. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində Avropa İttifaqının təşəbbüslərini bunun bariz nümunəsi hesab edə bilərik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. B.Məhərrəmov qeyd edib ki, Şuşada dünya azərbaycanlılarının lideri kimi cənab İlham Əliyevin Azərbaycanın tarixin bütün dövrlərindəkindən daha güclü olduğunu tam mənada nümayiş etdirə bilməsi qürurvericidir: “Xüsusən, cənab Prezidentin regionda sülh və sabitliklə bağlı sərt, lakin beynəlxalq hüquqa hərf-hərfinə sadiq qalan ritorikası İrəvan üçün son şans hesab edilə bilər. İrəvan da, Ermənistanın dünyadakı havadarları da artıq başa düşdülər ki, ATƏT-in Minsk qrupunun simasında icra etdikləri sonsuz danışıqlar ssenarisi bu dəfə qalib Azərbaycan üçün keçərli olmayacaq. Xüsusilə də ATƏT-in Minsk Qrupunun vaxtilə münaqişəni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yarandığını deməklə Dövlət başçısı iflasa uğramış həmin institut üçün də son nöqtəni qoydu, eyni zamanda, Azərbaycanın uzunmüddətli danışıqlar prosesinə cəlb etmək niyyətinin üzərindən xətt çəkdi. Prezident İlham Əliyev Şuşadakı bəyanatı ilə bir daha nümayiş etdirdi ki, mövqeyi qətidir. Belə ki, ən qısa vaxtda ya sülh müqaviləsi imzalanmalıdır, ya da Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaqdan rəsmi şəkildə imtina edəcək. Tarixdən bəllidir ki, güclünün hansısa zəif dövlətin ərazi bütövlüyünü tanımaması hansı nəticələrə yol aça bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistanın bu gün mövcud olduğu ərazilər də Azərbaycanın tarixi torpaqlarıdır. Yəni, Azərbaycan dövləti cəmi 105 il əvvəlki tarixi reallığa istinad etmək, 300 mindən çox azərbaycanlı isə Zəngəzur, Borçalı, Göyçə və İrəvandakı ata-baba yurduna iddia etmək hüququna malikdir. Bu mənada, Dövlət başçısının qətiyyətli fikirlərini ən doğru vaxtda və ən doğru yerdən verilmiş bəyanat hesab edirəm”.