İlham Əliyev – Sözünə sadiq lider

31 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət ünvanlamışdır.

Müraciətdə 2023-cü il ərzində dövlətimiz və xalqımız üçün əlamətdar hadisələr və ölkənin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı görülmüş və 2024-cü il ərzində görülməsi planlaşdırılan işlər barədə Azərbaycan ictimaiyyətini maraqlandıran məsələlər barədə geniş məlumat verilmişdir.

İlk növbədə dövlət suverenliyimizin tam şəkildə bərpa olunması ilə bağlı tarixi gedişata toxunan Möhtərəm Prezident İlham Əliyev vurğuladı: “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.”

Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətə də münasibət bildirən Cənab Prezident İlham Əliyev şəhidlərimizin qanının yerdə qalmadığını, onların əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğuladı.

Hazırda Dünyada bir çox regionda aktiv münaqişə ocaqları mövcuddur. Təəssüflər olsun ki, davam edən müharibələr dünyanın yaranmasından bu yana min illiklər ötməsinə, elmin və texnologiyanın inkişafının yüksək səviyyəyə çatmasına baxmayaraq, hələ də insanlığın çox az yol qət edə bildiyinin gösətiricisidir. Bu gün dünyada sülhə həqiqi mənada dəstək verən çox az dövlət var və bunu tam əminliklə söyləmək olar ki, bu azlığın içində olan ölkələrdən biri də Azərbaycandır.

Daim regionda və dünyada gedən proseslərdə sülhü dəstəkləyən və sülhün bərqərar olmasına töhvə verməyə çalışan dövlətiçilik anlayışı ilə hərəkət edən Möhtərəm Prezident İlham Əliyev, hakimiyyətə gəldiyi gündən hər zaman bu anlayışla hərəkət etmiş, Ermənistana qarşı da bu tutumunu davam etdirərək haqlı mübarizəmizin, torpaqlarımızın geri qaytarılmasının da sülh yolu ilə həll olunmasına çalışmışdır.

Lakin uzun illər davam edən danışıqların nəticəsiz qaldığını gördükdən sonra hakimiyyətə gəldiyi zaman Azərbaycan xalqına müraciəti zamanı torpaqlarımızın geri qaytarılacağı sözünü unutmayan Cənab Ali Baş Komandan, torpaqlarımızın işğaldan azad olunmasını təmin etmək məqsədilə mübarizəyə başlanması haqqında göstəriş verdi və Azərbaycan, Xalq-Ali Baş Komandan-Ordu birliyinin məntiqi nəticəsi olaraq çox qısa zamanda – cəmi 44 gün ərzində – torpaqlarımızın düşmən tapdağı altından geri alınmasına nail olaraq böyük Zəfəri qeyd etdi.

Hələ də Qərbdə ikili standartların hökm sürdüyünü və Azərbaycan xalqının bunun fərqində olduğunu vurğulayan dövlət başçısı Azərbaycanın bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq daim haqlı mövqeyini müdafiə edəcəyini bildirdi.

Ermənistandan istifadə etməklə müstəqil siyasət yürüdən Azərbaycana qarşı daim təzyiq göstərməyə çalışan, münaqişənin həllindən sonra belə, iki ölkə arasında sülh sazişinin imzalanmasının müzakirə olunduğu bir zamanda Azərbaycana qarşı ikili standartlar tətbiq etməyə davam edən qərb diplomatiyası görünən odur ki, hələ də baş verənlərdən nəticə çıxarmayıb.

Əldə edilmiş Şanlı Zəfərdən sonra uzun illər öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın ən qısa zamanda öz doğma torpaqlarına geridönüşünün təmin edilməsi artıq Azərbaycan dövlətinin qarşısında duran növbəti hədəfdir. Zəfər əldə edildikdən sonra daim dövlətin başlıca məqsədi kimi öz çıxışlarında bunu vurğulayan Cənab Prezident, işğaldan azad olunmuş torpaqlarda davam etdirilən tikinti-quruculuq işlərindən bəhs edərək çox qısa zamanda görülən işlər nəticəsində həm həmvətənlərimizin 2023-cü il ərzində köçürüldüyü, həm də 2024-cü ildə köçürülməsi planlaşdırılan ərazilər barədə məlumat vermişdir: “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”

Heç şübhəsiz ki, 2023-cü il ərzində baş verən ən mühüm hadisə dövlət suverenliyimizin bərpası olmuşdur. Bununla belə qeyd olunan il Azərbaycan üçün həm də beynəlxalq əməkdaşlıq sahəsində çox uğurlu bir il olmuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını qeyd edən və 2023-cü ilin dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının – COP29, Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin yekdil qərar qəbul etdiyini və bu konfransın 2024-cü ildə Azərbaycanda keçiriləcəyini vurğulayan ölkə başçısı, bunun Azərbaycan dövlətinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin, Azərbaycanın yaşıl enerjiyə keçidinə verilən böyük qiymətin göstəricisi olduğunu bildirmişdir: “Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.”

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və Ulu Öndərin 100 illiyinin ölkə üzrə qeyd edildiyini qeyd edən Cənab Prezident bildirdi: “Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

Daim Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan və onun layiqli davamçısı kimi Azərbaycanı daim irəliyə aparan Möhtərəm Prezident İlham Əliyev, əməli fəaliyyəti ilə Azərbaycan Xalqı qarşısında verdiyi sözlərə sadiq qaldığını da bir daha sübut etmiş oldu.

Bu gün bütün dünya azərbaycanlılarının haqlı olaraq müstəqil Azərbaycanla fəxr etdiklərini və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd etdiklərini bildirən ölkə başçısı, Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsinin bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirdiyini və bütün dünya azərbaycanlılarını bir daha əmin edərək Zəfər salnaməmizin rəmzi olan “Dəmir yumruğ”un hər zaman yerində olacağını vurğuladı.

Qeyd olunanların yekunu kimi deyə bilərik ki, ötən zaman bir daha sübut etdi ki, qazanılan Zəfərin, ölkə həyatının müxtəlif istiqamətlərində əldə olunan uğurların əsasında məhz səbr və təmkinlə həyata keçirilən uzaqgörən dövlət siyasəti – İlham Əliyev siyasəti – durur.

Ziyafət Əsgərov

Milli Məclisin deputatı