İlqar Məmmədov Türkiyəni niyə hədəf aldı? - Fransaya yarınmaq cəhdi

AŞPA-nın islamofob və türkofob qərarına etiraz olaraq Azərbaycan nümayəndə heyətinin bu qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırması bəzi qərbpərəst qüvvələri hərəkətə gətirib. Başdan ayağa qərəzli, ədalətsiz qərarı pisləmək əvəzinə bu məsələdə Azərbaycanı, hətta qardaş Türkiyəni də günahkar çıxaranlara, təəssüf ki, rast gəlirik. Mahiyyətindən asılı olmayaraq ölkəmizin, dövlətimizin əleyhinə çıxarılan bütün qərarlara sevinən, sanskisiyaları alqışlayan içimizdəki ermənipərəst qüvvələr bu dəfə də sevinclərini gizlədə bilmədilər. Hər şey çılpaqlığı ilə ortada varkən, Fransa kimi ölkələr dövlətimizə qarşı səlib yürüşü apardığı bir zamanda öz şəxsi, siyasi mənafelərini milli maraqlardan üstün tutan bu kəslər yenidən fəallaşıblar.

Bu dəfə onlar AŞPA-da qəbul edilən sənədin müzakirəsi zamanı Azərbaycanı dəstəkləyən qardaş Türkiyəni də hədəf seçiblər. Söhbət REAL Partiyasının rəhbəri İlqar Məmmədovun Strasburqda Azərbaycanı müdafiə edən Türkiyə heyətinə atdığı şərdən gedir. O bildirib ki, türkiyəli deputatlar Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərməyib, heyətin yarısı iclasa heç gəlməyib və gələnlər isə guya yalandan Azərbaycanın tərəfini tutublar. “Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər”, deyə İ.Məmmədov qeyd edib.

Bulanıq suda balıq tutmağa vərdiş etmiş İlqar Məmmədov Azərbaycan və Türkiyənin mənafeyinə yönəlmiş çirkin kampaniyaya can-başla xidmət edir. REAL sədri unutmamalıdır ki, türkiyəli deputatlar AŞPA-nın qərəzli dinləmələrində Azərbaycanı birmənalı şəkildə dəstəkləyiblər.

Türkiyə və Azərbaycan ümummilli məsələrdə hər zaman bir yerdədir,

Türkiyə AŞPA-nın qurulmasında və inkişaflnda böyük rol oynayıb. Amma Avropa Şurası Türkiyəyə qarşı heç vaxt ədalətli olmayıb. Türkiyəni parçalamaq istəyən terrorçuların nümayəndələri Strasburqda yuxarı başa dəvət olunublar. Onlar Türkiyəni qaralamaq, ittiham etmək üçün Avropa Şurasında özəl status qazanıblar. Türkofobiyanın beşiyi olan Fransa kimi ölkələr bütün türkdilli ölkələrə qarşı iyrənc siyasət yürüdürlər. Onlar “Türkiyənin dostu bizim düşmənimizdir” prinsipi ilə hərəkət edirlər. İnsan haqlarından ağız dolusu danışan avropalı siyasilər PKK terror təşkilatının əməllərini, 1 milyon azərbaycanlının hüquqlarının pozulmasını hər zaman görməzlikdən gəliblər. Bu mənada AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatla əməkdaşlığı dayandırmaq barədə verdiyi qərarı düzgün idi. Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Bu gün türk dünyasının gücü, birliyi Avropa Şurasının gücündən aşağı deyil ki, yuxarıdır. Bütün türk dünyası hesab edir ki, türklərin və müsəlmanların sevilmədiyi bir təşkilatda qalmaq düzgün deyil.

İlqar Məmmədov və onun kimilər yaxşı olardı ki, indiki həssas dönəmdə Türkiyəyə qarşı qarayaxma kampaniyası aparmaq əvəzinə, milli maraqlarımıza söykənənən mövqe ortaya qoysunlar. Türkiyə və Azərbaycan siyasətçiləri, deputatları bütün beynəlxalq təşkilatlarda, konfranslarda bir-birini müdafiə ediblər, qoruyublar.

Bunun ən bariz nümunəsi kimi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə cənab Prezident İlham Əliyevin Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Türkiyə ilə bağlı ittihamlarına cavabını göstərmək olar.

"Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm", deyə cənab İlham Əliyev qeyd etdi.

Doğrudan da, Türkiyə və Azərbaycan arasında o qədər güclü etimad mühiti var ki, hətta beynəlaxlq konfranslarda ölkələrimizdən birinin başçısının iştitrakı kifayətdir ki, hər iki dövlətin maraqlarını müdafiə etsin. Eyni durum Türkiyə və Azərbaycanın millət vəkilləri üçün də keçərlidir. Biz yaxın zamanlarda AŞPA-dakı Türkiyə nümayəndə heyətinin Azərbaycana dəstək olaraq daha sərt addımlarının şahidi olacağıq. İki qardaş ölkə arasındakı münasibətlərə nə Ermənistan, nə Fransa, nə də onların buradakı əlaltıları xələl gətirə bilməzlər.

Əliabbas Salahzadə 

Milli Məclisin deputatı