Könül Nurullayeva: “Şiddətə məruz qalan hər bir qadına nəzarət gücləndirilməlidir”

“Məişət zorakılığı zəminində baş verən çoxsaylı hadisələr daha çox qadınlara və uşaqlara münasibətdə törədilir və təəssüf ki, əksər hallarda gizli qalır”. Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentdə “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı belə deyib.  Bildirib ki, əksər hallarda ailə üzvündən harasa şikayət etməyi qeyri-etik, qeyri-əxlaqi bir addım hesab edib, cəmiyyətin qınağından ehtiyatlanır. Onun sözlərinə görə, gender əsaslı zorakılıqdan dünyada hər üç qadından biri əzab çəkir. Bu səbəbdən zorakılığın qarşısının alınmasına geniş müstəvidə diqqət ayrılmalıdır. Deputat hesab edir ki, mövcud problemlərlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində də təkmilləşdirmə işlərinin aparılması vacibdir: “Qanunda nəzərdə tutulan qısa (1 ay) və uzunmüddətli mühafizə orderlərinin (6 ay) verilməsində, onların icrasında da ciddi pozuntular olduğu danılmazdır. Mühafizə orderlərinin vaxtının düzgün müəyyənləşdirilməsi, bu sahədə sistemli və operativ yanaşmanın olması, həmin şəxslərə hüquqi-psixoloji dəstəyin davamlılığı, məşğulluq problemlərinin həlli, övladlarının təhsildən yayınma hallarının qarşısının alınması üçün konkret addımların atılması olduqca önəmlidir. Əks halda, şəxs şikayətdən imtina etməsi üçün yenidən zorakılıq halları ilə üzləşə bilər. Şiddətə məruz qalan hər bir qadına nəzarət gücləndirilməli, bu məsələnin həllində effektiv tədbirlər görülməli, hər bir zorakılıq faktı baş verən zaman polis dərhal səhiyyə işçilərini məlumatlandırmalı, belə şəxslərə  psixoloji dəstək göstərilməsi təmin edilməli, şiddətin mövcud olacağı hər bir mühitdən qadınlar, xüsusən də uşaqlar dərhal uzaqlaşdırılmalıdır. Məişət zorakılığının zərər çəkən şəxsin – adətən qadınların ruhi, fiziki və reproduktiv sağlamlıqlarına mənfi zərərləri nəticəsində onların sosial bir fərd kimi cəmiyyətdə iştirakının qarşısı alınır, cəmiyyətdən təcrid olunur, özgüvənlə bağlı ciddi problemlər yaşanır, onlar üçün iş və ailə həyatında maneələr yaradılır. Belə qadınların cəmiyyətə yenidən qazandırılmasını təmin etmək, onların həyatlarını normallaşdırmağa çalışmaq çox vacibdir”.

K.Nurullayeva İngiltərənin “Birmingham” Universiteti tərəfindən aparılan araşdırmaları xatırladıb, bildirib ki, bu araşdırmaların nəticələrinə görə,  ailədaxili zorakılığa məruz qalan qadınlarda ciddi psixoloji xəstəliklərin yaranması riskinin 3 dəfə çox olduğunu aşkara çıxarıb. Millət vəkili təklif edir ki, bu sahədə qanunvericilik bir qədər də təkmilləşdirilməli, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sosial müdafiə və digər qurumlarla birlikdə məişət zorakılığına məruz qalan şəxslərə ciddi, effektiv dəstək göstərilməsi məqsədilə qərargah yaradılmalı, sözügedən qurumlar birgə kompleks tədbirlər həyata keçirməli, həmin şəxsləri zaman itirmədən cəmiyyətə qazandırmaq üçün hər iki tərəflə planlı və məqsədyönlü işlər görülməlidir.