Könül Nurullayeva: “Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir”

Dünya Azərbaycanlılarının 5-ci qurultayı zəfər qurultayı kimi tarixə düşür. Zəfər qurultayının Şuşada keçirilməsi təsadüfi deyil. Türk və müsəlman dünyasının mədəniyyat paytaxtı olan Şuşa həm də dünya azərbaycanlılarının qürur mənbəyidir.

Qarabağın incisi olan Şuşada bir araya gəlmək, qurultay keçirmək xalqımızın ənböyük arzusu idi. Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu arzunu reallığa çevirdi. Müzəffər xalq kimi Azərbaycan xalqı bu gün öz milli mənsubiyyətinə görə fəxr edir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan disporunun imicini və nüfuzunu da xeyli möhkəmləndirdi. İllərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib.  

Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür.

Lakin diaspor təşkilatlarımız bu reallıqlardan irəli gələn məsələlərin həllində yaxından iştirak etməlidir. Təbii ki, Azərbaycan diasporu azad olunmuş ərazilərin bərpası, bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanmış əməkdaşlıq mühitinin formalaşması, humanitar məsələlərin həllinə töhfə vermək imkanlarına malikdir.