Laçın şəhərindən üç kəndə marşrutlar fəaliyyətə başlayacaq

Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərində avtobus marşrutları təşkil edilib.