Malik Həsənov: "İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı üçün münbit şərait mövcuddur"

“Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də tarixi Zəfərimizdən sonra Ağdam rayonuna üçüncü səfəri xeyli sayda sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfərində gələcəklə bağlı planları özündə əks etdirən çıxışı hər kəsdə böyük qürur hissi, Böyük Qayıdışın tezliklə reallaşacağına əminlik yaradır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra ölkə Prezidentinin nitqi də özündə ehtiva etdiyi mesajların zənginliyi baxımından daha diqqətçəkən oldu. Bu fikir xüsusi qeyd edildi ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Səfər çərçivəsində Ağdam Sənaye Parkında iki müəssisənin, həmçinin 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli qoyuldu. Atılan addımlar sırasında “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının və “Qarabağ” Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsini, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulmasını qeyd edə bilərik. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış oldular.  Qərargah ən son innovativ texnologiyalar əsasında tikilib. İşğaldan azad edilmiş ərazilərimizdə daha təkmil, müasir idarəçilik sisteminin yaradılması, bütün bərpa və quruculuq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi prioritetdir. Şəhərlərin, o cümlədən Ağdamın Baş planı görüləcək işlərin aydın təsəvvürünü yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır: “Təbii ki, hər bölgənin, o cümlədən sahibkarlığın inkişafında infrastruktur layihələrinin uğurlu icrası xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev Ağdam Cümə məscidinin önündən Azərbaycan iş adamlarına bu çağırışı etdi ki, Ağdama, eyni zamanda, digər azad edilmiş ərazilərimizə sərmayə qoysunlar. Bu gün ölkəmizdə biznes üçün gözəl şərait var. Dövlət sahibkarları hər zaman dəstəkləyir, eyni zamanda, onlara güzəştli kreditlər verilir. Azərbaycan sahibkarları bu torpaqlarda müəssisələr, yeni iş yerləri yaratmaqla həyatın canlanmasına dəstək ola bilərlər. Azərbaycanın digər regionları kimi, bu ərazilərimiz də özünəməxsus iqtisadi imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafını təmin edə bilərik. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılması, Milli Prioritetlərin təsdiqlənməsi də bu hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır”.

Deputat vurğulayıb ki, Ağdam rayonunda görülən işlərin timsalında  tarixi Zəfərdən sonra vaxt itirmədən Böyük Qayıdış istiqamətində davamlı addımlar atıldığını böyük əminliklə qeyd edə bilərik: “Bütün maliyyə və texniki imkanlar, kadr potensialı səfərbər edilib. Azərbaycan bütün bu işləri yalnız öz maliyyə vəsaitləri hesabına görür.  Müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Dövlət başçısı İlham Əliyev ilk gündən dost ölkələrin, onların şirkətlərinin bərpa-quruculuq işlərində iştiraklarına çağırışlar etdi”.  

Hər bir uğurumuzun əsasında düşünülmüş addımların dayandığını qeyd edən M.Həsənov bildirib ki, şəhərlərin Baş planının hazırlanması və ictimaiyyətin müzakirəsinə təqdim olunması  da işlərin səmərəliliyinə və keyfiyyətinə öz müsbət təsirini göstərir: “Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Genişmiqyaslı quruculuq işlərində tarixi və dini abidələrimizin bərpası əsas yer tutur. Ermənilər bütün abidələrimizi dağıdıblar. Məscidlərimizdə inək, donuz saxlamaqla nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlanmışdır. Bütün bu işlər Heydər Əliyev Fondunun öz imkanları hesabına görülür. Milli-mənəvi, dini dəyərlərimizin qorunmasını və inkişaf etdirilməsini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin miqyası genişdir”.  

Deputat, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əsasında dayanan bu çağırışa da xüsusi diqqət yönəldib ki, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı şəkildə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh müqaviləsi olmalıdır.  Ancaq Azərbaycan xalqı heç vaxt ermənilərin törətdikləri vəhşiliyi unutmamalıdır.