Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı

Turan Kərimli
ADPU tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.Azərbaycan dövlətçililik tariximizdə xüsusi yeri olan, bugünki müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təəssüflər olsun ki Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı qərar torpaqlarımızın itirilməsi baxımından acı tarix yazmışdır.Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixində ermənilərə Azərbaycanın 9,2 min kv.kilometr ərazisini güzəştə gedərək bu “güzəşt"in müqabilində Ermənilərin Azərbaycana qarşı artıq ərazi iddiaları irəli sürməyəcəkləri düşünülürdü. Lakin buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini istər sovet, istərsə də müstəqillik dövründə davam etdirib. Bununlada XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmadı və xalqımız ondan sonrakə dövrlərdə də böyük faciələrlə üzləşdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı.
 

1918-ci il və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqınınÜmummilli lideri Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.
 

Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Müstəqil Azərbaycanın banisiHeydər Əliyevin müəyyənləşdirdiyi və Ölkə rəhbəri cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu.
 

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. 100 illik tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.