Mərkəzi Gömrük Hospitalında ulu öndər Heydər Əliyevin 100 illliyinə həsr olunmuş  təntənəli yığıncaq

Ulu öndər Heydər Əliyevin 100 illliyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda Mərkəzi Gömrük Hospitalında təntənəli yığıncaq keçirilib

26 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda təntənəli yığıncaq keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Yığıncağı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn – 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib.

C.Məmmədov 1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyini qeyd edərək, bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün doğma Azərbaycanımız müstəqil həyat yaşayır.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Rövşən Namazov çıxış edərək, müstəqil Azərbaycanın qurucusu Ulu öndərin həyat fəaliyyəti, o cümlədən gömrük sahəsindəki əvəzedilməz xidmətlərindən danışıb. O, deyib: “Xalqının, millətinin dar macalında harayına yetərək onu düzgün istiqamətləndirən, onu düşdüyü siyasi və iqtisadi böhrandan qurtaran liderlərin biri də Ulu öndər Heydər Əlirza oğlu Əliyevdir. Onun nəhəng siyasi fəaliyyəti sayəsində Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən çox tezliklə tanınıb”.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev Ulu öndərin Həmkarlar İttifaqına baxış və yanaşması, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Mircəlal Kazımi müstəqil Azərbaycanın müstəqil səhiyyəsi haqqında danışıblar. Sonda yığıncaq iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video materialı izləyiblər.