"Məsuliyyətsiz yanaşma yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artmasına təsir göstərir"

"Biz tarixə nəzər salsaq ayrı-ayrı vaxtlarda pandemiyaların olduğunu və nəticədə yüz minlərlə insanın vəfat etdiyini görərik. Təbii çiçək xəstəliyindən təkcə XX əsrdə qurbanların sayı 400 milyon insan olmuşdu. Ölüm faizi yoluxanların 40% qədər olan təbii çiçək xəstəliyi tibbə lap qədim zamanlardan məlumdur. XX əsrdə təbii çiçəyə qarşı qlobal vaksinasiya kampaniyasının nəticəsində dünyada bu xəstəliyin tamamilə kökü kəsildi. Təbii çiçək rəsmi olaraq insan tərəfindən kökü kəsilmiş yeganə xəstəlik sayılır. Tarixin ən dəhşətli pandemiyası 1346-1353-cü illər arasında Avropa əhalisinin yarısını qırıb keçmiş taun pandemiyası olub. Qurbanların sayı 75-100 milyon olub. 7 il ərizində 100 milyona yaxın insanı öldürmüş taun epidemiyası ikinci dəfə XIX əsrdə baş qaldırsa da, əvvəlki kimi ölümcül epidemiyaya çevrilə bilmir. Bu dəfə insanlar daha hazırlıqlı idilər. Tauna qarşı vaksin artıq hazır idi. Vaxtında aparılmış vaksinasiya, həmçinin effektiv karantin tədbirləri taunun yenidən yayılmasının qarşısını aldı.
Bəşər tarixi boyunca 7 böyük vəba epidemiyası baş verib, amma onların ən ölümcülü 3-cü vəba pandemiyasıdır. 1852-1860-cı illər arasında baş vermiş bu epidemiya əsasən Avropa ölkələrini əhatə etmiş və milyonlarla insanın ölümünə səbəb olmuşdu. Üçüncü vəba pandemiyası Azərbaycanın da daxil olduğu Rusiya imperiyasında bir milyon insanın ölümünə səbəb olmuşdu. Yeri gəlmişkən günümüzdə Yəməndə yüzlərlə uşaq davam edən vəba epidemiyasından həlak olmaqdadır. XX əsrin ən dəhşətli pandemiyası birinci dünya müharibəsinin sonlarında başlamış və dünya əhalisinin 5%-ni (75 milyon insan qurban olub) öldürmüş H1N1 virus pandemiyasıdır. Tarixə ispan qripi kimi düşən xəstəlik əhatə dairəsinə görə bəşəriyyət tarixinin ən ölümcül fəlakətlərindən sayılır. Bütün dünyada 500 milyona yaxın insanı yoluxdurmuş pandemiya il yarımdan sonra özü-özünə söndü.
Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) barədə ilk kliniki hesabat 1981-ci ildə verilib. Günümüzdə 40 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir. Tropik ölkələrdə mövsümi olaraq hər il baş qaldıran malyariya hər il 300-500 milyon insanın yoluxması və 1 milyon insanın ölümünə səbəb olur."

Bu məlumatları "İki sahil"ə Milli Məclisin Ailə, qadın və uşaq məsələlər komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, bu gün dünyamız yeni bir pandemiya dövrü yaşayır. COVID-19 epidemiyası əksər ölkələrdə yayılaraq, yoluxanların sayı 130  milyondan çoxdur: "Bu virusdan vəfat edənlərin sayı isə 3 milyona çatmaqdadır. Bütün insanlar bu dəhşətli hadisəni və onun verdiyi fəsadlarla birgə yaşamağa məcburdur. Lakin sağlam qalmaq və yoluxmamaq üçün də  səy göstərirlərlər, tövsiyələr var. Bunlar sosial məsafənin saxlanılması, tibbi maskalar və əllərin tez-tez yuyulmasıdır. ÜST-ün məlumatına görə, maska taxmayan COVID-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir, maska taxan COVID-19 daşıyıcısının isə maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür. İnsanlar çox təəssüf ki, tibbi maskanın koronavirusla mübarizədə rolunu ciddi qəbul etmirlər.  Beləcə, həm özlərini, həm də ətrafdakıların həyatını təhlükəyə atırlar."

Komitə sədri vurğulayıb ki, bu məsuliyyətsiz yanaşma hər gün yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artmasına öz mənfi təsirini göstərir: "Nə üçün insanlar inanmırlar, nə baş verməlidir ki, vətəndaşlar bu xəstəliyin ciddi olduğunu dərk etsinlər? Yəni, insan sağlamlığına, insan həyatına biganə yanaşmaq nə qədər etikdir, nə qədər düzgündür? Bəzən də vətəndaşlar başqa ölkələri misal gətirirlər ki, niyə onlarda azalma var, və ya niyə onlarda hər şey bu qədər nizamlıdır? Gəlin baxaq, niyə? İlk növbədə, vətəndaş dövlət tərəfindən qoyulmuş bütün qaydalara əməl edir, öz məsuliyyətini dərk edir. Lakin hansı ölkədə məsuliyyətsiz yanaşma varsa, orada da biz yoluxmaların artdığını görürük."
Professor bildirib ki, bir məsələni də unutmaq olmaz ki, pandemiya insanlara, onların psixologiyasına, davranışlarına fərqli şəkildə müxtəlif formalarda təsir göstərir: "Ona görə də hazırda digər mühüm bir məsələ də aktuallıq kəsb edir. Bu da sosial işçilərin, psixoloqların insanlarla daha sıx şəkildə işləməsidir. Artıq bu bir reallıqdır ki, biz öz fəaliyyətimizi onlayn müstəvidə həyata keçiririk. Buna görə də qeyd etdiyim sahənin mütəxəssisləri onlayn formada insanlara xidmət göstərə bilər. Bu gün bizim üçün vacib olan iki məsələ var: birincisi insanlara bu virusun olduğuna və bizim onunla yanaşı yaşamağımıza məcbur olduğumuza inanmalıdırlar. İkincisi isə daha sağlam, panikaya düşmədən bu vəziyyətdən çıxmaq üçün imkanlar, çıxış yolları təklif edilməlidir. Bunun yolları isə Ümummdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş qaydalara əməl etmək və peyvənd olunmaqdır."

H.Hüseynova  dünyanın bir çox ölkəsi ötən ilin dekabrından əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb: "Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir və artıq 530 minə yaxın nəfər peyvənd olunub. Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb. Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir."

Komitə sədri bir məsələni də vurğulayıb ki, ölkə başçısı dəfələrlə bildirir ki, dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır: "Cənab İlham Əliyev insan faktoru, humanizm prinsiplərini, təkcə Azərbaycan vətəndaşı üçün deyil, həm də bütün bəşəriyyət üçün əsas şərt kimi dəyərləndirir. O dəfələrlə öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı münasibət  bildirmiş, bu istiqamətdə birgə səylərin vacibliyini bəyan etmişdir. Lakin biz görürük ki, insan hüquqlarından, humanist dəyərlərdən bəhs edən bəzi böyük və güclü dövlətlər özləri sosial ədalət prinsiplərini pozur, iki standartlar nümayiş etdirirlər. Azərbaycan  pandemiyanının  ilk günlərindən  etibarən  operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirir. Koronovirus pandemiyasının  təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması üçün dövlət kompleks tədbirlər həyata keçirir. Hətta bir çox dövlətlər pandemiya dövründə “Azərbaycan modeli” ni əsas götürürlər, bizim təcrübədən yararlanırlar. Lakin bütün bunların fonunda bu virus yeni  mutasiyaları ilə insanların sağlamlığına təhlükə yaradır. Ona görə də əvvəldə qeyd etdiyim kimi, biz daha məsuliyyətli olmalıyıq və virusla birgə yaşamağı öyrənməliyik." 

Professor bildirib ki, bir çox dövlətlər artıq özləri müxtəlif  peyvəndlər, inyeksiyalar, filtizatorlar və digər vasitələr hazırlayır,  müxtəlif tədqiqatlar aparırlar, patent alırlar: "Azərbaycanda mikrobiologiya, genetika, seleksiya sahələrində çox böyük tədqiqatlar aparmış, bir çox virus xəstəliklərinin aradan qaldırılması istiqamətində mühüm töhfələr vermişlər. Bu gündə bu sahənin inkişaf etdirilməsi, dünyanın aparıcı alimləri ilə birgə tədqiqatların aparılması, sərmayələrin qoyulması aktual məsələlərdəndir. Bu günün reallığı koronovirus və onun mutasiyaya uğramış növləridir. Lakin bizi əhatə edən digər məsələlər də var ki, onlar zaman keçdikcə daha da aktuallaşır. Bu içməli təmiz su, orqanik qidalar, ətraf mühitin qorunması və s. Bu baxımdan da, bizim alimlərimiz, virusoloqlarımız, mikrobioloqlarımız bu sahədə fəaliyyətlərinə dəstək olmalıdır, onlar üçün imkanlar yaradılmalıdır."