Millətin Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm hadisələrin əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyəti olan bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmış Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yüksək həddə çatdı. Ölkəni xaos və anarxiya bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Bütün bunların səbəbi isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə  liderlik xüsusiyyətlərinə malik olmayan, səriştəsiz,  siyasi hadisələrə qiymət vermək imkanlarından məhrum şəxslərin rəhbərlik etməsi idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğal olunurdu., Getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac yaradırdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

 Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma aradan qalxdı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin günlərdə müstəqilliyini yeni qazanmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, dünya ölkələri ilə geniş əlaqələrin qurulmasında və xalqımızın mənafelərini təmin edən müasir cəmiyyətin yaranmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən ölkə parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt onu qoruyub inkişaf etdirmək idi. Bu çətin məsələ Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti olduqca çətin siyasi-iqtisadi şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin bu inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləriyik.

Haqq savaşımızın nəticəsi olan Böyük Qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar tarixinə çevrildi. Azərbaycan xalqı təkcə öz torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda öz varlığını, milli həmrəyliyini, dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlı əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdışdan böyük qürur hissi keçirir.

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmamış Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, dövləti, dövlətçiliyimizi xilas etməsi bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan, bu günki azad, müstəqil dövlətimizin əziz Bayramı- Milli Qurtuluş Günü münasibəti ilə hər birinizi təbrik edir, doğma Vətənimizin inkişafı və çiçəklənməsi yolunda hər birinizə müfəvvəqiyyətlər arzulayıram.

Yaşasın müstəqil Azərbaycan xalqı, yaşasın azad Azərbaycan! 

Əminə Ağazadə
Milli Məclisin deputatı