Milli Məclisin demokratik islahatlarda rolu

Yeni tərkibdə formalaşdırılan və 4-cü ilini tamamlayan ölkə parlamentinin fəaliyyətinin bütövlükdə səmərəli olduğunu və qanunvericilik bazasının gücləndirilməsi istiqamətində aparılan islahatların ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsinə xidmət etdiyini aydın şəkildə görmək olar. Ötən dövrə nəzər saldıqda görürük ki, Cənab Prezident İlham Əliyevin qanunverici hakimiyyətin işinin təkmilləşdirilməsi, çoxpartiyalı sistemin əsaslarının gücləndirilməsi məqsədilə ölkənin əsas qanunu olan Konstitusiyada və digər aidiyyəti qanunvericilik aktlarında dəyişikliklər edilməsi ilə bağlı təklifləri, parlamentin fəaliyyətinin də səmərəli şəkildə təşkilinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət etdi.

İctimai həyatın müxtəlif sferalarında atılan mütərəqqi addımlar, aparılan köklü islahatlar, heç şübhəsiz ki, qanunverici hakimiyyətin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün atılmalı olan addımlardan da yan keçə bilməzdi. Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı sistemin əsaslarının gücləndirilməsi, seçki qanunvericiliyinə və siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunlara dövri olaraq edilən əlavə və dəyişikliklər ölkədə yeni demokratik ənənələrin əsasını qoymaqla yanaşı, fikir plüralizminin inkişafına zəmin yaradır.

“Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.” deyə vurğulayan dövlət başçısı, qeyd olunanlarla yanaşı müxalif yanaşma ilə anti-Azərbaycan siyasəti yürüdən bəzi xarici dairələrin ölkəmizdəki ünsürlərinin fərqli qruplar olduğuna diqqət çəkərək, ikincilərin Azərbaycan xalqının maraqlarını deyil, öz mənafelərini güdən qüvvələr olduğunu, onların Azərbaycanda sosial dayağının olmadığını vurğulamışdır. Ölkə başçısı, habelə ölkə xaricində yeni beşinci kolonun yaradılması istiqamətində iş aparıldığını, indiki beşinci kolonun öz sahiblərinin etimadını doğrultmadığını da qeyd etdi.

 Ölkədə mövcud olan çoxpartiyalı sistem, parlamentin işinə töhfə verməklə bərabər cəmiyyətdə fərqli düşüncələrə və ideologiyaya məxsus sosial qrupların maraqlarının təmin olunmasına şərait yaradır. Digər bir önəmli xüsus isə odur ki, mövcud parlamentin tərkibinin yalnız hüquqşünas və iqtisadçılardan deyil, eyni zamanda müxtəlif peşə qruplarını təmsil edən şəxslərdən, cəmiyyət üzvləri arasında xüsusi yeri və çəkisi olan sənət adamlarından ibarət olması, əsasən müvafiq sahələrdə çalışan insanları daha çox maraqlandıran qanun layihələrinin hazırlanması və müzakirəsi zamanı onların da fikir və düşüncələrinin nəzərə alınmasına əlverişli şərait yaradır.

Azərbaycanın müasir, mütərəqqi qərb dəyərlərinə malik, demokratik ənənələrə söykənən bir ölkə olmasını qarşıya məqsəd qoyan ölkə başçısı, Milli Məclisdə çıxışları zamanı da bu istiqamətdə işlərin daim davam etdirilməsinin zəruriliyini vurğulayaraq, hökumətin indiyədək olduğu kimi bundan sonra da bu istiqamətdə addımların atılmasında hər cür dəstəyi göstərməyə hazır olduğunu qeyd etdi. Həmçinin parlament və hökumət üzvlərinin mütəmadi olaraq xalqla daha sıx təmasda olmalı olduqlarını bildirən Cənab Prezident, bu təcrübənin, həm parlamentin rolunu, həm də hökumət üzvlərinin məsuliyyətini artıracağını vurğuladı.

Mütəmadi olaraq çıxışlarında ölkədə digər bir çox ölkələrdən fərqli olaraq gənc nəslin çoxluq təşkil etməsinin çox müsbət bir hal olduğunu, bunun həm demoqrafik üstünlük olduğunu, həm müasir, yenilikçi, mütərəqqi ideyalara sahib gənclərin dövlət idarəetməsində iştirakının təmin olunmasının idarəçiliyin daha səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratdığını, həm də gənclərin ölkə iqtisadiyyatına daha çox töhfə verə bilmək potensialının olduğunu qeyd edən Cənab Prezident, bu üstünlükdən faydalanmaq üçün zərurət halında qanunvericilikdə də lazımi dəyişikliklərin aparılmasının və gənclərə əlverişli şərait yaradılmasının vacibliyini vurğuladı: “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.”

Ölkə Konstitusiyasının “Xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması”nı dövlətin öhdəliyi kimi müəyyənləşdirən müddəasını prioritet qəbul edən və bu istiqamətdə mütəmadi olaraq işlərin aparılmasını hökumət qarşısında bir tapşırıq kimi qoyan Cənab Prezident, parlamentin də öz səlahiyyət və imkanları daxilində bu yöndə görülməli olan işlərə töhfə verməli olduğunu, lazımi qanunvericilik bazasının yaradılmasında əsas yükün Milli Məclisin üzərinə düşdüyünü və parlamentin bu prosesdə çox mühüm rol oynadğını vurğulamışdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov