“Minsk qrupu tarixin arxivinə atılıb” 

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd olunduğu kimi, 2021-ci il ölkəmizin həyatında çox əlamətdar bir il olub. Bunu əldə olunan nəticələr də sübut edir. Ötən bir ilin nəticələri bunu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr icra edilib. Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri yeni reallıqları artıq qəbul edirlər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbiri əlamətdar hadisə adlandırmaq olar: “Bu tədbir BMT xətti ilə təşkil olunmuşdu. Buradan verilən mesajlar bəzi dövlətləri narahat etsə də, bu bir reallıqdır. Biz artıq dünya dövlətlərini, büynəlxalq təşkilatları Şuşada qarşılayırıq. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin 18 ildən artıq bir müddətdə həyata keçirdiyi xarici siyasət, tutduğu prinsipial mövqe nəticəsində mümkün olub. Prezident müşavirədəki çıxışında digər beynəlxalq təşkilatın da adını çəkir, bu, Qoşulmama Hərəkatıdır. Aparıcı beynəlxalq təşkilat olan Qoğulmama Hərəkatındakı fəaliyyətimiz də çox uğurlu alınıb. Bu təşkilata hazırda Azərbaycan sədrlik edir. Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük müharibənin davam etdiyi bir vaxtda BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı ədalətsiz sanksiya tətbiqinə qarşı çıxış etmələrini xalqımız unutmayıb. Bu da Qoşulmama Hərəkatında üzvlük Azərbaycana nə verib, sualına birbaşa cavabdır. Bu, həm də bizə göstərilmiş böyük etimadın təzahürüdür. İslam Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul edib. Bu barədə də müşavirədə Prezidentimiz çıxış edib".

ATƏT-in proseslərdə roluna gəlincə, deputat vurğulayıb ki, Prezident İlham Əliyev Minsk qrupuna mandat verən ATƏT-in yeni reallıqları tam qəbul etdiyini düşünür: "Prezidentin bu haqda fikrini bir daha xatırladaq: “Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.

Bəli, Minsk qrupu artıq tarixin arxivinə atılıb. Onu yenidən diriltmək istəyən Ermənistan və onun arxasında duran güclərin isə məqsədlərini anlamaq bir o qədər də çətin deyil. Münaqişənin həllinin daha çox uzanmasına çalışan Ermənistan bu mövqedə qaldıqca sarsılacaq, tənəzzülə doğru daha sürətlə sürüklənəcək. Minsk qrupunda təmsil olunan dövlətlərin bir-biri ilə yumşaq desək rəqabət halında olması problemlərin həllində ən böyük maneə idi. Bu gün həmin tərəflər – ABŞ, Fransa və Rusiya Ukrayna hadisələrinə görə müxtəlif səngərlərdə dayanıblar. Ukraynada düşmən olan tərəflərin Ermənistan-Azərbaycan qarşıdurmasının həllində əməkdaşlıq etməsi absurd görünür. Bunun əvəzində artıq məhsuldar görüşlərin təşkilatçısı rolunu məharətlə oynayan Avropa İttifaqı siyasi səhnədədir. Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprelaylarında üçtərəfli görüşlər keçirilib. Brüssel görüşündən sonra Ermənistan artıq Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipi qəbul edir. Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü, xalqın maraqlarından çıxış edərək yürütdüyü xarici və daxili siyasətin məntiqi nəticəsidir, reallıqdır”.