Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir

Axundov Asif Əbülfəz oğlu,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent, ADPU-nun Fəlsəfə və
sosial elmlər kafedrasının müdiri,
Tarix və coğrafiya fakültəsinin dekanı v.i.e.


Azərbaycanın region dövlətləri ilə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Təbii ki, bu, region dövlətləri tərəfindən yüksək qiymətləndirilir və onlar hər biri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər.
Rusiya ilə münasibətlərimiz son vaxtlar daha yüksək səviyyədədir. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya bu günlərdə baş tutmuş səfəri çərçivəsində Moskvada Azərbaycan və Rusiya liderləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanması xüsusi əhəmiyyət daşıyır.
Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Bəzi maraqlı şəxslərin, siyasi qrupların Bəyannamənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər, hərbi yardım da daxil olmaqla. Rusiya ilə imzalanmış bəyannamədə bu cür müddəalar yoxdur.
Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və onların inkişafına şərait yaradıb. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.