"Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur"

"Məlum olduğu kimi, bu il Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Ötən 30 ilə nəzər salanda, görürük ki, iki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Onu da xüsusi qeyd edək ki, Azərbaycan Rusiyanın qonşuları içərisində ən sabit, proqnozlaşdıran xarici siyasət yürüdən ölkədir. Rusiya dövləti Azərbaycanı bölgənin, Avrasiyanın açar dövlətlərindən biri hesab edir. Eyni zamanda, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür, respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan mümkün olduğu qədər faydalanır". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli yer tutur. Ölkələr arasında imzalanmış sənədlər müttəfiqlik münasibətlərinin inkişafında, əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayacaqdır: "Müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Moskvada baş tutan görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə ölkələrarası əlaqələrlə bağlı da müzakirələr aparılıb. Məlumdur ki, qeyri-neft ixracında ilk yeri Rusiya tutur və bu sahə üzrə Azərbaycanın ən böyük tərəfdaşlarından biridir.
Onu da vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya səfəri böyük önəm daşıyırdı".

Deputat bildirib ki, imzalanan bu sazişlər dövlətimizin, xalqımızın və ölkəmizin milli maraq və mənafelərinə xidmət edəcək: "Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, bizim dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir. Hesab edirəm ki, Azərbaycan və Rusiya müxtəlif sahələrdə qarşılıqlı imkanlardan və potensialdan istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcək".