"Müqayisə ən yaxşı ölçü vahididir"

Əziz dostlar, dəyərli həmvətənlər! 

Biraz təzadlı fikir kimi səslənsə də "müqayisə ən yaxşı ölçü vahididir" sözü ilə yazıma başlayıram və demək istəyirəm ki,

 firavanlığımız üçün zəruri və təbii olan bütün arzuların mənbəyi sağlam düşüncədir. Mənə elə gəlir ki, bütün başqa xeyirli əməllər də sağlam düşüncənin məhsuludur. Bəs sağlam düşüncə nədir? Belə bir anlayışı necə izah etmək olar? Bəri başdan deyim ki, izahat çox sadədir: ağıl, mənəviyyat və ədalətli müqayisə etmək bacarığı. Biz həyatımızı bu üç fəzilət üstündə qura biliriksə, o zaman sağlam düşüncə ilə hərəkət etmiş olarıq. Xoş ömür sürmək, rahat və təhlükəsiz yaşamaq da məhz onunla bağlıdır. Tarixi təcrübə dəfələrlə sübut edib ki, o cəmiyyət buna nail olur ki, onun daha çox sağlam düşüncəli insanları olsun, dövlətinin, millətinin, Vətəninin, dininin və ailəsinin ondan nə tələb etdiyini aydın dərk etsin, bu tələblərə əməl etsin; özünü zamanın və dövrün güzgüsündə dürüst görə bilsin, ətrafında anbaan dəyişən yenilikləri tərəzinin gözünə qoyub müqayisə edə bilsin, bugünkü həyatı üçün vacib olan fiziki və ruhi sakitliyi dəyərləndirməyi bacarsın.

Düşünürəm ki, bugünkü durumumuzu keçmişimizlə müqayisə etməyi bacaran, sabit və təhlükəsiz həyatımızı dəyərləndirə bilən insanlarımız milyonlarladır və onlar bu gün yeni, sağlam bir Azərbaycan görürlər; suverenliyimiz tam bərpa olunub, ölkədə genişmiqyaslı islahatlar aparılır, ürəkaçan dəyişikliklər baş verir, gözoxşayan mənzərələr çanlanır. Bu gün Azərbaycan Şərqin möhtəşəm və parlaq güzgüsünə dönüb desəm, yanılmaram; bizim ölkəni görən hər bir əcnəbi qibtə və heyranlıq hissləri yaşayır, özüylə bir dünya xoş təəssürat aparır. Mənim fikrimcə, ağlı başında olan normal və sağlam adam doğma Azərbaycanın sosial və iqtisadi həyatının durmadan, ardıcıl və məqsədyönlü tərəqqisinin mükəmməl və obyektiv simasını görməlidir, nəinki görməli, onu layiqincə ifadə və təşviq etməli, bütün bu genişmiqyaslı islahat və yeniliklərə rəvac verən daxili-xarici siyasətə, milli mənafeyimiz naminə dövlətimizin daha da gücləndirilməsinə yönələn vətənpərvər, işgüzar və sürətli addımlara görə möhtərəm cənab Prezident İlham Əliyevə dəstək olmalıdır. Mən bu dəstəyi, bu sevgini və rəğbəti demək olar ki, hər gün görür, duyur və müşahidə edirəm. İrqindən, cinsindən, milliyyətindən və sosial statusundan asılı olmayaraq ünsiyyətdə olduğum bütün insanlar müasir Azərbaycanın bügünkü durumunu, möhtəşəm sosial-iqtisadi nailiyyətlərini, həyata keçirilən unikal sosial proqramları, mədəni həyatda baş verən dirçəlişləri etiraf etməklə məmnunluqlarını bildirirlər.

Rəşad Mahmudov

Milli Məclisin deputatı