“Nağılçı nənə” yaşıl dünyamızı, ana təbiətimizi qorumağa səsləyir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir. 

Şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova bu dəfə, oxuculara “Sehrli kəpənək” nağılını təqdim etdi.

Sehrli kəpənək” nağılını yazmaqda yazıçının məqsədi uşaqlara təbiəti sevdirməkdir. Təbiətdə baş verən hadisələrdən danışa-danışa yazıçı onları təbiətin canlıları ilə dostlaşdırır. Müasir dövrdə uşaqlar təbiətdən ayrı düşüblər, onlar təbiətin gözəlliyini duya bilmirlər. Nağıldakı balaca Gülşən qardaşı kimi rəsm çəkməyi öyrənmək arzusunda olur. Bir gün onlar təbiətin qoynuna gəzməyə gedəndə, o təbiəti, uçuşan kəpənəklərin rəsmini çəkmək istəyir. Bu vaxt yenicə kəpənək olmağa çalışan Tırtıl üçün çox pis bir hadisə baş verir. Çox güclü külək başlayır. Əgər həmin anda Gülşən papağını Tırtılın üstünə qoymasaydı, bəlkə də Tırtıl məhv olacaqdı. Nağılın sonunda sanki bir möcüzə baş verir. Gülşənin çəkdiyi rəsmlər heç vaxt özünün xoşuna gəlməsə də, həmin gündən sonra çəkdiklərini çox bəyənir. Sanki kəpənək sehrli imiş kimi...