Asif Əsgərov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışı müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. İki il əvvəl bu kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə qoyulub. Memorialın məhz azad edilmiş Xocalıda ucaldılması xüsusi rəmzi məna daşıyır. Həmin qərar tarixi ədalətin bərpasının, milli iradənin və dövlət qətiyyətinin təntənəsi kimi dəyərləndirilir.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayətdir və bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə ərzində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dən çox günahsız mülki şəxs amansızcasına qətlə yetirilmiş, 150 nəfər itkin düşmüşdür. İşğaldan sonra onların bir qisminin qalıqlarının tapılaraq torpağa tapşırılması faciənin miqyasını və vəhşiliyini bir daha təsdiqləyib. Bu hadisə XX əsrin ən qanlı cinayətlərindən biri kimi tarixə düşüb və Azərbaycan xalqı bu ağrını heç vaxt unutmayacaq.
Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həm dövlət qurumları, həm ictimai təşkilatlar, həm də qeyri-hökumət strukturları ardıcıl fəaliyyət göstəriblər. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm rol oynayıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, təqdimatlar keçirilib, çoxsaylı nəşrlər dərc olunub. Çünki Ermənistan dövləti və onu dəstəkləyən dairələr faciəni ört-basdır etməyə, hətta məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıblar. Lakin sistemli və prinsipial mövqe nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses davam edir. Bütün bunlar Azərbaycanın informasiya mübarizəsində qazandığı mühüm uğurlardan biridir.
Ədalət yalnız bəyanatlarla deyil, real addımlarla təmin olunur. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi məhv edilib, digər hissəsi isə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Azərbaycan xalqı hər iki mərhələdə bir yumruq kimi birləşib, Silahlı Qüvvələrin peşəkarlığı, rəşadəti və fədakarlığı nəticəsində öləmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Müharibə cinayətkarlarının ədalət məhkəməsinə çıxarılması isə hüquqi baxımdan prosesin məntiqi sonluğunu təşkil edir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin: “Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir”.
İşğal illərində ölkəmizə müxtəlif təzyiqlər göstərilir, “reallıqla barışmaq” çağırışları səsləndirilirdi. Azərbaycan Ordusunun qələbə qazana bilməyəcəyi barədə uydurmalar yayılırdı. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, işğalla barışmaq mümkün deyil və danışıqlar nəticə verməzsə, ərazi bütövlüyü hərbi yolla bərpa ediləcək. Tarix göstərdi ki, bu sözlər siyasi iradənin ifadəsi idi və reallığa çevrildi.
Memorial Kompleksin məhz Xocalıda açılması ədalətin təntənəsi kimi təqdim edilir. Əslində layihə əvvəlcədən hazır idi və Bakıda inşa oluna bilərdi. Lakin dövlət başçısının inamı o idi ki, gün gələcək və bu memorial öz həqiqi ünvanında – Xocalıda tikiləcək. Artıq həmin inam reallığa çevrilib. Kompleks silinməz milli yaddaşın təcəssümüdür. Bu abidə təkcə faciəni xatırlatmır, həm də xalqın əyilməz ruhunu nümayiş etdirir.
2020-ci ilin Zəfərindən sonra Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıqlar edilmişdi. Separatçılığa son qoyulması, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi və reinteqrasiya prosesinə qoşulmaq çağırışları edilmişdi. Lakin adekvat cavab verilmədi. Əksinə, separatçı qüvvələr daha da azğınlaşdı, xarici dəstək cəhdləri davam etdi. 2023-cü ildə keçirilmiş qısamüddətli antiterror əməliyyatı Azərbaycanın qətiyyətini bütün dünyaya göstərdi. Nəticədə ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edildi. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan dövlətinin iradəsini heç bir qüvvə sarsıda bilməz.
Azərbaycan heç vaxt mülki əhaliyə qarşı məqsədli müharibə aparmayıb. Vətən müharibəsi dövründə də əməliyyatlar beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfindən ölkəmizin şəhərləri və kəndləri bombalansa da, Azərbaycan tərəfi müharibəni hərbi qaydalara uyğun aparıb. Şəhidlərin qisası döyüş meydanında alınıb. Tarixi zəfərlər həmin kateqoriyadan olan şəxslər üçün müəyyən təsəlli olub. Şəhidlərin xatirəsi isə xalqın qəlbində əbədi yaşayacaqdır.
Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir və peşəkar orduya, müstəqil və prinsipial siyasət yürütmək imkanına malikdir. Qazanılmış qələbələr regionda yeni reallıqlar yaradıb. Dövlətimiz həm təhlükəsizliyini təmin edib, həm də regionda dayanıqlı sülhün əsas tərəfinə çevrilib.
Memorial Kompleksin açılışı bir daha göstərdi ki, tarixi ədalət gec-tez bərpa olunur. Xocalı soyqırımı isə unudulmayacaq. Güclü dövlət, milli birlik və əyilməz iradə sayəsində Azərbaycan parlaq gələcəyə inamla addımlayır və hər zaman qüdrətli olacaqdır.