Naxçıvanın xilası və dirçəlişi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

“Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni  mərhələnin əsasının qoyulmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun yaradılması  istiqamətində ardıcıl işlər görüldü.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, o illərdə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü və gələcəyi üçün tarixi qərarlar qəbul edildi: “Belə ki, 1990-cı il noyabrın 17-də tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı.  Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarların qəbul edilməsi də Ulu Öndərin qətiyyətinin, dövlət maraqlarını hər şeydən üstün tutmasının, xalqına, Vətəninə sevgisinin nümayişi oldu.”

Əliabbas Salahzadə ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər əsasında diqqəti 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına yönəldib: “Həmin illərdə Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından ölkəmiz ən çətin anlarını yaşayırdı. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Torpaqlarımızın işğalı, daxildə parçalanma, vətəndaş qarşıdurması xalqın sabaha ümidlərini tamamilə itirmişdi. Xalq belə bir çətin vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Hər zaman xalqının yanında olan, Azərbaycanın gələcəyini düşünən ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü işlərin xronologiyasına diqqət yetirdikdə xalqına, dövlətinə nə qədər bağlı olduğunu görürük. Əbəs yerə deyilmir ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderlər daim ölkəsini irəli aparır. Azərbaycanın gələcəyə doğru  inamla addımlaması məhz  ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.”

Millət vəkili qeyd edib ki, qalib və güclü Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında yeni-yeni hədəflərə doğru inamla addımlayır, zirvələri fəth edir: “Ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tarixə adlarını qızıl hərflərlə yazdılar. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin   dəstəyini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin vacibliyini bildirdi. Son 19 ilə yaxın dövrdə atılan addımlar bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Ən əsası 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" fikirləri özündə bütün məqamları ehtiva edir.”