Nə qədər ərazi minalardan təmizlənib? - RƏSMİ AÇIQLAMA

Bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib.

Zekaisiginda.az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, burada on minlərlə tank əleyhinə minalar aşkarlanıb.

"Onlar arasında partlamamış sursatlar, piyada əleyhinə minalar var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün onların aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin istehsalı olan minalardır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir".

Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.

Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.

Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.