Nizami Gəncəvi hikməti

Abasqulu ağa Bakıxanov yazıb: “İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöh­rəti qazanan “Xəmsə” şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir. Bütün şairlər onun ustalığını etiraf etmişdir”.. Bu təlatüm düşün­cə­lər­dədi, həyat dərkindədi, həyat sevgisindədi, insanlığa sevgidədi, bəşəriliyə sədaqətdədi. Nizami Gən­cəvi ona görə dahidi, ona görə dünyəvi sevgi ilə bu qədər ehtiramla əhatələnib…

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev deyib: “Nizami Gəncəvi ümum­bəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfək­kü­rünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldır­mış­dır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur”. Ecazkar poetik qüv­və­yə malik olan bu yaradıcılıq əbədiyyətin cığırdaşıdır. Neçə 880 illər keçəcək, bu yaradıcılıq Günəşinin işığı zərrəcə azalmayacaq...

860 ildən çoxdu Nizami Gəncəvi fenomeni dünyanı heyrətdə saxlayır. Bu heyrətin cazi­bə­sindən çıxmaq mümkün deyil (əslində, bunu heç kim arzulamır)...

Riyaziyyat – poeziyada, fizika – poeziyada, astronomiya – poeziyada, təbabət – poeziyada, ümumən elm – poeziyada. Bu, Nizami Gəncəvi yaradıcılığını xarakterizə edən neçə-neçə bənzərsiz amillərdəndir...

860 ildən çoxdur ki, bəşəriyyət Nizami Gəncəvinin poetik ideyalarının işığında yaşayır, bu işığı sabahlara aparası təxəyyül, idrak xeyir-duası bilir. “Xeyir və Şər”in fəlsəfəsi bəşəriliyin fəlsəfəsidi və bu fəlsəfə fərdlərin də, dövlətlərin də, dövlətlər toplumu olan dünyanın da tale­yi­nə şair xəbərdarlığı kimi oxunub. Dərk edənlər şər işlərdən uzaqlaşıb, dərk etməyənlər xeyirin fəzilətlərindən.

“Xəmsə” ideyalar aləminə, ideyalar kəhkəşanına açılan pəncərədi. Baxırsan, görürsən, dərk edirsən, düşünürsən. Nizami Gəncəvi hikməti budur!..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı