Nizami rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Nizami rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, mərkəzi təşviqat qrupunun üzvü Əli Əmirli, təşviqat qrupunun üzvləri Mərdan Şahıyev və Ramil Mehdiyev çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti müasir Azərbaycanın güclənməsinə, sosial-iqtisadi sahədə möhtəşəm uğurlar qazanmasına, beynəlxalq nüfuzunun artmasına, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.

Natiqlər ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn prezident seçkilərində hər kəsi İlham Əliyev cənablarının namizədliyini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər keçiriblər.