Novruzəli Aslanov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır”

Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. O cümlədən qurumun VIII toplantısı da fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirildi. Diqqətəlayiq haldır ki, pandemiya səbəbindən ötən il videokonfrans formatında keçirilmiş toplantıdan fərqli olaraq bu dəfə Avropa İttifaqının komissarları, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində rolu olan 20 ölkənin yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər. Artıq xəbər verildiyi kimi, dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri hesab olunur. Layihə dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. 2020-ci ilin dekabr ayımın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdi. Nəzərə alsaq ki, həmin ilin sentyabr-noyabr aylarında Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə irimiqyaslı hərbi əməliyyatlara başlamağa məcbur olmuş və nəticədə Vətən müharibəsini parlaq tarixi Qələbə ilə sona çatdırmışdı, bu zaman ölkəmizin TAP seqmentini tamamlayaraq Cənub Qaz Dəhlizi layihəsini uğurla və vaxtında başa çatdırmasının həqiqətən də xüsusilə böyük bir nailiyyət olduğunu bir daha görə bilərik.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı kimi qəbul edilir. N.Aslanovun sözlərinə görə Avropa ölkələrində qaza ehtiyacın getdikcə artması yeni bazarlar yradır və bu tələbatın ödənilməsi üçün ölkəmizin zəngin resurslara sahib olması Azərbaycanın bundan sonra Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını deməyə əsas verir: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında etdiyi çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb və aradan keçən uzun illər ərzində təchizatda heç bir fasilə olmayıb. Bu, əlbəttə ki, ölkəmizin bir tərəfdaş olaraq yüksək etibarlılığının göstəricisidir. Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara görə, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər getdikcə artır. Buna görə Azərbaycan da hasilatı artırmalıdır və bizim bunun üçün tələb olunan potensialımız var. Belə ki, ölkənin isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Hazırda bu ehtiyatın ən böyük hissəi - bir trilyon kubmetr yalnız “Şahdəniz” yatağına aiddir. Lakin yeni yataqların kəşfi davam edir və yeni texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatlarının daha da çox olacağını demək olar. Həmçinin gözlənilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatsa da, tərəfdaş ölkələrin işi hələ uzun müddət davam edəcək” – deyə N.Aslanov bildirib. Millət vəkili həmçinin qeyd edib ki, bu gün Azərbaycanın özünün də enerji resurslarına olan tələbatı getdikcə artır və bu vəziyyət bərpa olunan enerji növlərinin istehsalı məsələsinin aktuallığını bir qədər də önə çəkmiş olur: “Bu gün Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Bunun da bir çox səbəbləri vardır. İlk növbədə daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olmasıdır. Yəni əhalinin sayı getdikcə artır və bu da enerji tələbatını artırır. Həmçinin sənayenin inkişafı enerji tələbatının artmasını şərtləndirir. Dövlət başçımızn da qeyd etdiyi kimi, ötən il Azərbaycanda məhz qeyri-enerji sektorunda rekord göstərici, 20 faiz artım qeydə alınıb. Əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bu ərazi 10 min kvadrat kilometrdən çox sahəni əhatə edir və cari ildən etibarən keçmiş qaçqınların öz doğma torpaqlarına qayıdışına başlanması ilə əlaqədar əlavə qaza ehtiyac bir qədər də artacaq. Bütün bunlar əlbəttə ki, bərpaolunan enerji növlərinin istehsalı məsələsini daha da aktual edir. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox qaza qənaət etməyə imkan verəcək. Buna görə də bu məqsədlər böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir və eyni zamanda da ölkənin elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Bununla belə Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu Azərbaycandan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edilir və tələbat artır. Bu da bərpa olunan enerji növlərinin istehsalına marağı artıran bir amildir. Bu baxımdan ölkənin Energetika Nazirliyinin aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün hazırladıqları konseptual proqnoz xüsusi önəm kəsab edir. Artıq həmin ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin olaraq külək enerjisində potensial təxminən 7200 meqavat, günəş enerjisində potensial isə 2000 meqavatdan çox müəyyən edilib. Həmçinin Xəzər dənizinin xüsusi proqram üzrə qiymətləndirilməyə görə texniki potensialı 150 min meqavatdan çoxdur və artıq Azərbaycan bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər də alıb. Beləliklə, bütün bu tədbirlər bir daha onu göstərir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində öz rolunu getdikcə daha da artıracaq və bu tendensiya ölkəmizin beynəlxalq mövqeylərinin daha da güclənməsinə xidmət edəcək” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.