Novruzəli Aslanov: “Qarabağ Azərbaycanın ən sevilən turizm məkanlarından biri olacaq"

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə mütəmadi olaraq etdiyi səfərlərin hər biri həmin bölgənin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən hadisəyə çevrilir. Belə səfərlərin gedişində sonradan bölgənin sosial-mədəni həyatında, iqtisadi yüksəlişində xüsusi rol oynayan obyekt və müəssisələrin açılışı və ya təməlinin qoyulması artıq çoxdan bir ənənə halını almışdır. Əlbəttə ki, bu baxımdan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığı gündən indiyədək Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər həm iqtisadi, həm də mənəvi-siyasi cəhətdən xüsusi önəm daşıyır. Bu səfərlər bir tərəfdən həmin torpaqlarda böyük vüsətlə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlət başçısının nəzarətində və diqqət mərkəzində saxlandığını vurğulayır. Digər tərəfdən də Qarabağ torpaqlarının tarixi sahiblərinin kimlər olduğuna dair dünyada hələ də yanlış fikir formalaşdırmağa ara-sıra cəhdlər edən bəzi qüvvələrə ünvanlanan mesajları özündə ehtiva etməklə bu səfərlər önəmli siyasi əhəmiyyət daşıyır. Eynilə fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər də bir çox önəmli hadisələrlə əlamətdar oldu.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər, eləcə də Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun yenidən dirçəlməsinə misilsiz töhfədir: “Bu gün dövlətimiz tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsi istiqamətində bütün zəruri addımlar atılır. O cümlədən Prezident İlham Əliyev Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməl daşını qoymaqla ümumilikdə bölgənin inkişafına böyük töhfə vermiş oldu. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri də məhz qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. O cümlədən Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Qeyd etmək lazımdır ki, artıq Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir və hazırda 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək və bu da ölkənin enerji təhlükəsizliyinin təminatına növbəti önəmli töhfə olacaq” – deyə N.Aslanov bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, bu gün Qarabağda yerli və beynəlxalq turizmin inkişf etdirilməsi üçün əhəmiyyətli işlər görülür və Ağdamda yeni mehmanxananın inşasına başlanması da bu işlərin bir hissəsidir: “Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik

Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir. O cümlədən Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev burada “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası birmənalı olaraq bütün bölgənin turizm potensialının inkişafına mühüm töhfə olacaq. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.”.

Daha sonra millət vəkili bildirib ki, işğaldan azad olunmuş Ağdam rayonunda bu ərazilərin əzəli sakinlərinin yenidən məskunlaşmaları məqsədilə atılan əhəmiyyətli addımlardan biri də bölgədə yeni yaşayış binalarının tikintisi məsələsinə göstərilən diqqətlə bağlıdır: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri çərçivəsində baş vermiş daha bir əlamətdar hadisə də dövlətimizin başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Xəbər verildiyi kimi, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Əlbəttə ki, bu gün Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ağdama səfəri zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. O cümlədən Ağdamın və Füzulinin Baş planları artıq təsdiq edilib və bu rayonların ictimaiyyəti həmin Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaq. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərini inamla dirçəldir və artıq çox az bir müddətdən sonra həmin torpaqlar ölkənin ən gözəl və səfalı bölgələri kimi tanınacaqlar” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.