"Onlarla deputatımız savaşa hazırdır"

“İkinci Qarabağ müharibəsində Azərbaycan deputatları içərisində müharibəyə getmək və əlinə silah götürmək istəyənlər var idi, amma dövlət buna ehtiyac görmədi”.
 Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.Deputat qeyd edib ki, hətta o, özü döyüşmək üçün Füzuli istiqamətinə gedib: “Hətta bir dəfə İmişlidə yasda iştirak edəndən sonra Füzuli istiqamətində gedirdim və yoldan qayıtmalı oldum. Çünki dövlətin bir təlimatı var idi ki, Azərbaycanın vəzifəli şəxslərinin bu şəkildə müharibədə görülməsi və yaxud vurulması, yaralanması Ermənistana psixoloji üstünlük qazandıra bilər. Mən İkinci Qarabağ savaşında da hazır idim, bu gün də hazıram və düşünürəm ki, onlarla deputatımız da buna hazırdır”.

Deputat ancaq hazırda Ukraynada tamam başqa bir vəziyyət olduğunu vurğuladı: “Bəziləri özlərini çox vətənpərvər hiss edir, elə bilirlər ki, vətənpərvərdirlər. Amma həmişə bu cür çağırış edənlərin, deyənlərin çoxu heç vətənpərvər deyil. Sadəcə olaraq onlar deputatları yıxılan, yanan, ölən, batan görmək istəyir. Bunu başa düşmək olmur. Bəlkə də dünyanın bir çox ölkələrində əslində bu, belədir. Amma Ukraynada vəziyyət  tamam başqadır. Bu gün Ukrayna dövlətinin ölüm-olum məsələsi meydandadır. İndiki məqamda Ukrayna ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Ukrayna bütövlükdə böyük təzyiq altındadır, onun dövlətçiliyi şübhə altındadır. Ukraynada ölüm-dirim mübarizəsi gedir. Biz isə Qarabağı azad etmək üçün çalışırdıq. Bu baxımdan vəziyyət fərqli idi. Burada isə böyük maştabda böyük müharibə gedir. İndi dünya ölkələri bunu İkinci Dünya müharibəsinin dəhşətləri ilə müqayisə edirlər. Belə bir halda istər depupat ol, istər prezident ol əlinə silah götürüb, vətənini müdafiə etməlisən. Ukraynalıların da bundan başqa yolları yoxdur. O baxımdan Azərbaycanın da  başına belə bir iş gələrsə, təbii ki, hər bir kəs – istəyirsən nazir, deputat ol, əlinə silah götürüb, vətəni qorumalıdır. Allahın yazdığı qismətdirsə, meydanda şəhid də ola bilər. Bunda heç bir problem görmürəm. Belə məsələlərə hər bir zaman hazıram və bunu ürəkdən, səmimi şəkildə deyirəm”.