Orenburqun Azərbaycan icması uşaqları bayram münasibətilə təbrik edib

Orenburq şəhərinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ənənəvi olaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif millətlərin nümayəndələri üçün xeyriyyə tədbirləri keçirir.
AZƏRTAC xəbər verir ki, bu il Orenburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov və onun həyat yoldaşı Aliyə Kulmuxametova maraqlı müsabiqələrdən, illüziyaçı Aleksandr Sorokinin qeyri-adi fokuslarından ibarət bayram tədbiri təşkil ediblər. Qonaqlar, həmçinin Azərbaycan çayı ilə şirniyyatların dadına baxıblar.
Bayrama 30-a yaxın uşaq valideynləri ilə birgə dəvət olunub.
Yaşar Məsimov və Aliyə Kulmuxametova uşaqları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, dərslərində müvəffəqiyyətlər arzulayıblar.
Yaşar Məsimov deyib: “Xalqımızın dəstəyə və xoş sözə xüsusilə ehtiyacı olanlara kömək etmək kimi gözəl ənənəsi var. Buna görə də bu aksiyanı özüm üçün xüsusi hesab etmirəm. İmkanı olan hər kəs belə hərəkət etməlidir. Bu aksiyada mənim uşaqlarım da iştirak edir. Mənim üçün ən böyük minnətdarlıq uşaqların və onların valideynlərinin xoşbəxt çöhrəsidir”.
Aksiya təşkilatçıları uşaqlara hədiyyələr də təqdim ediblər.
Tədbirin sonunda uşaqlar və onların valideynləri Azərbaycan diasporunun nümayəndələrinin göstərdiyi qayğı, diqqət və hədiyyələrə görə təşəkkür ediblər.