Özəl pensiya fondları yaradılacaq

Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda hələ ki, özəl pensiya fondları yoxdur. Lakin artıq yaxın zamanlarda ölkədə özəl pensiya fondlarının yaradılacağı gözlənilir. Bunu  Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, qeyri-dövlət pensiya fondları ilə bağlı qanun layihəsi və digər müvafiq sənədlər artıq hazırdır: "Azərbaycanda özəl sığorta fondları var, amma yaxın gələcəkdə özəl pensiya fondları da yaradılacaq. Biz Milli Məclisdə "Sosial xidmət haqqında” qanun qəbul edilərkən orada özəl sosial xidmət müəssisələrinin yaradılması məsələsinə toxunmuşduq”. H.Rəcəblinin fikrincə, özəl pensiya fondlarının olması bir sıra üstünlüklər yaradacaq: "Əvvəla, sığorta bazarında rəqabət güclənəcək. İkincisi, hazırda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xətti ilə pensiya alanda belədir ki, vətəndaş uzun illər ərzində məcburi dövlət sığorta haqqı nə qədərdirsə, onu ödəyir. Sonda da Fond həmin adama qanunvericiliyə uyğun qaydada müəyyən edilmiş standart pensiya məbləğini verir. Vətəndaşın özəl fonda ödədiyi sığorta haqqı isə onun pensiyasının üstünə gələcək. Vətəndaş dövlətə müəyyən olunmuş məbləğdən artıq sığorta haqqı ödəyə bilmir, hətta ödəmək istəsə belə, dövlət ondan əlavə haqq götürmür. Özəl pensiya fonduna isə vətəndaş istədiyi qədər sığorta haqqı ödəyə biləcək. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə həmin vətəndaşa qayıdacaq”.
Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən hələ 2008-ci il dekabrın 30-da təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı”nın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır.