"Özəlləşdirmə prosesinin gecikdirilməsi büdcə xərcini artırır" - Komitə sədri

“Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyildir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat qeyd edib ki, ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb:

“Dünya üzrə isə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir. Son 15 il ərzində ölkədə ovlanmış və yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ də ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1 %-ni  təşkil edir. Ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi var idisə, hazırda bu müəssisələrdən cəmi 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 milyon 144 min 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, əvvəlki illərdə olduğu kimi istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının özəlləşdirmə prosesinin gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır”.