Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir 

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib. Bunu yanvarın 12-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair cavabları bir daha sübut edir ki, Azərbaycan uğurla inkişaf edir.

Müsahibə zamanı dövlətimizin başçısı bildirib ki, iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil və 11 ayın yekunları ilə məlumat verib. Dövlət başçısı bildirib ki, bu il iqtisadi artım 5 faizdən çoxdur: "Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir".

Dövlət başçısı musahiöəsi zamanı işğaldan azad olunmuş torpqların bərpa və quruculuğu ilə bağlı vurğulayıb ki, keçən il bu sahəyə böyük xərclərimiz olub: “Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

Dövlət başçısı xüsusi olaraq bildirib ki, Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir: "Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür". Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da manatın sabit qalması məsələsi narahat doğuran prosesdir. Dövlətimizin başçısı sözügedən məsələ ilə bağlı bildirib ki, uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb: “Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.

Prezident İlham Əliyev qeyri-neft ixracı ilə bağlı qeyd edib ki, bu sahədə artım 40 faizdən çoxdur və bu da imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək. Çünkü ölkədə əhali artır, deməli, tələbat artır, daxili istehlak artır. "Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yalnız keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır. Keçən il biz bu strategiyanın çox gözəl nəticələrini görmüşük",- deyən dövlət başçısı bu ilin büdcəsinin artımının da məhz qeyri-neft ixracının arımı sayəsidə əldə olunduğunu deyib: "Bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır, - tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Təbii ki, iqtisadi sahə istisna deyil”.

Dövlət başçısı Azərbaycanda sosial sahənin daim diqqət mərkəzində olduğunu və köklü iqtisadi islahatlar aparıldığını deyərək bildirib ki, bu da insanların güzəranına öz müsbət təsirini göstərir. Xüsusilə də, vurğulanıb ki, manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərir: “Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".

Həmişə olduğu kimi, müsahibəsindəbir daha vurğulayıb ki, bizim siyasətimizin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir: “Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır. Çünki çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir”.

Göründüyü kimi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Azərbaycanın həm iqtisadi potensialı, həm beynəlxalq nüfuzu ölkəmiz üçün yeni imkanlar yaradır. Ümumiyyətlə, müstəqil Azərbaycanın dünyada böyük etimad qazanması, güclü və nüfuzlu dövlət olaraq etibarlı tərəfdaş kimi tanınması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Və Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 18 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.

Bir sözlə, bütün bunlar yenicə qədəm qoyduğumuz 2022-ci ilin də növbəti uğurlu onilliklərə doğru atılacaq addamların tərkib hissəsi olacaqdır. Məhz 2022-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır və planlarımız gerçəkləşir. Ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi onu göstərir ki, Azərbaycan 2022-ci ildə də uğurla inkişaf edəcək, daha qüdrətli dövlətə çevriləcək.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü