Prezident yanında İctimai Palata yaradılması təklif edildi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsasları da var, institutlar da. İctimai şuraların fəaliyyətinin mərkəzləşməsi mühüm məsələdir".
Bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə söyləyib. O qeyd edib ki, dövlət başçısı müsahibəsində, həmçinin media və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.

Ə.Nuriyevin sözlərinə görə, ictimai nəzarət orqanları bütün dövlət qurumlarını əhatə etmir: “Dünyada bununla bağlı təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın təmas deməkdir. Problemləri ən dəqiq şəkildə çatdırmaq deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutları olmalıdır”.

Ə.Nuriyev onu diqqətə çatdırıb ki, Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsi nəzarətdə saxlanılmalıdır.