Prezidentin andiçmə mərasimində nitqi Azərbaycanın strateji yol xəritəsidir - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində səsləndirdiyi fikirlər ölkəmiz üçün strateji yol xəritəsidir. Qarşımızda Qarabağ və Şərqi Zəngəzurun bərpası, vətəndaşların oraya köçürülməsi və hərbi sənaye kompleksinin daha da genişləndirilməsi kimi məsuliyyətli vəzifələr durur. 2003-cü ildən bu yana qarşıya qoyulan bütün vəzifələrin icrası onu deməyə əsas verir ki, qarşıdakı illər ərzində də Azərbaycanın uğurları bol olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

“Qələbələrlə dolu illər yaşadıq. Bu müddətdə Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə olunan bütün nəaliyyətlərin mənbəyi Azərbaycan xalqı olmaqla yanaşı, müzəffər liderin dövrün tələblərinə uyğun və uzaqgörən addımlar atması oldu. İstər pandemiya dövründə Azərbaycanın bu bəladan ən az zərərlərlə çıxması, eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər güclü siyasi iradə tələb edirdi. Bu iradənin sahibi olan Prezident İlham Əliyev Azərbaycanın suverenliyini bərpa etdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren Azərbaycanın hər bir yerində seçki bayramı yaşandı”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır: “İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri zamanı hər kəs bunu gördü. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir”.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq ənənə halını aldığını diqqətə çatdıran İltizam Yusifov əlavə edib ki, bu il COP29-a ev sahibliyi etməyimiz də ölkəmizin beynəlxalq imicinə öz müsbət töhfələrini verəcək. Azərbaycanda artıq xarici investorların rəqabət prosesini müşahidə edə bilərik. Bəzi ölkələr Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyirlər.

“Beynəlxalq nəqliyyat qovşağında önəmli rol oynayan ölkəmiz tranzit nəqliyyat dəhlizlərin yaradılmasında da öz sözünü deməkdədir. Azərbaycana həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm də Cənubdan müraciətlər daxil olur. Ölkəmizdə bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Lakin bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və Azərbaycan bunu da edir. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi mümkün deyil. Belə olan halda Azərbaycanın nəqliyyat infrastrukturuna olan ehtiyac daha da artacaq”, - deyə deputat vurğulayıb.