Qarabağ Bəyannaməsinin gələcək perspektivləri olduqca yüksəkdir

Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Bu mühüm sənəd özündə ehtiva etdiyi ideyalar əslində Türk xalqlarının gələcək inkişaf modelidir. Bəyannamədə türk xalqlarının ortaq etnik kökləri, tarixi, dili, mədəniyyəti, ənənələrinə böyük dəyər verməklə yanaşı bu istiqamətdə birgə addımların atılması və vahid mövqedən çıxış imkanları öz əksini tapıb ki, indiki məqamda belə bir hüquqi sənəd türk dövlətlərinin birgə fəaliyyəti üçün zəruridir. 

Cənab Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət onu deməyəy əsas verir ki, Azərbaycan bu prosesdə aparıcı rola malikdir və Şuşada imzalanma mərasimi də buna əyani sübutdur.  O da qeyd olunmalıdır ki, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir” – deyə, dəfələrlə vurğulayan ölkəmizin başçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər tarixə qızıl hərflərlə yazılacaqdır.

Təsadüfi deyildir ki, 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib. Üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olması onu göstərir ki, Azərbaycanın sözügedən ölkələrlə əlaqələri və əməkdaşlığı getdikcə daha geniş vüsət alır. 

Müasir dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyaları xüsusi önəm daşıyır. Bu prinsiplərə sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı