Qlobal Bakı Forumu çox ciddi beynəlxalq platforma kimi qəbul olunur

Martın 14-16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumu əhəmiyyətli siyasi hadisə kimi yaddaşlarda qaldı. Forum iştirakçılarının sayının record həddə olması və iştirakçıların siyasi statusları, dünyada məşhur olmaları tədbirin sambalını daha da artırdı. Dünyada siyasi gərginliyin, hərbi qarşıdurmaların, ərzaq, içməli su böhranının, ekoloji problemlərin dərinləşdiyi bir dönəmdə Bakıda belə bir Forumun keçirilməsi zərurətdən irəli gəldi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunan və uzun illər dünyanın ayrı-ayrı dövlətlərində rəhbər vəzifələr tutmuş siyasi liderlərin təcrübə və biliyinin paylaşıldığı XI Qlobal Bakı Forumunda qlobal problemlərin həlli üçün olduqca dəyərli fikirlər səsləndirildi, təkliflər irəli sürüldü. Forum qloballaşan dünyamızda, o cümlədən Cənubi Qafqazda baş verən hadisələrə fərqli və yeni baxışlar ortaya qoydu.

XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Bu Forum Davosda keçirilən Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir.

Dövlətimizin başçısı Azərbaycanın suverenliyinin tam bərpa olunmasını çox ciddi geosiyasi dəyişiklik adlandırdı. Biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var. Güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik. Azərbaycan uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanıb və bunun üçün də beynəlxalq təşkilatların, xüsusilə də, ATƏT-in Minsk Qrupunun səylərinə dəstək verib. Təəssüflər olsun ki, nə ATƏT-in Minsk Qrupu, nə də digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin ədalətli həlli üçün prinsipial mövqe ortaya qoymadılar, Ermənistana təzyiq göstərmədilər. Beynəlxalq hüququn prinsipləri Qarabağ münaqişəsinin həllində tətbiq olunmadı. Azərbaycan Ordusu özü bu ədaləti təmin etdi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi

Cənab Prezidentin vurğuladığı kimi, bu gün Azərbaycan sülh prosesinə sadiqdir və Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib. Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Bu da 44 günlük Vətən Müharibəsinin nəticəsidir.

Prezident İlham Əliyev Bakı Forumunda çıxışı zamanı çox haqlı olaraq Fransanın ölkəmizə qarşı qərəzli, iyrənc mövqeyinə toxundu və pislədi. O qeyd etdi ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf edirdi. Amma Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyası tamamilə qeyri-adekvat oldu.

Bu gün regionumuzda cərəyan edən proseslər, dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları vardır. Beynəlxalq güclərin öz maraqlarını həyata keçirmək üçün regiondakı bəzi zəif dövlətlərdən istifadə etmələri sülh və sabitliyə xidmət etmir.

Dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi beynəlxalq platformaya çevrilən Bakı Qlobal Forumunun perspektivlərinə inam böyükdür. Qlobal problemlərin həllinə töhfə verə biləcək vacib siyasi mərkəz kimi qəbul olunan Bakı Qlobal Forumunda irəli sürülən təşəbbüs və təkliflər digər beynəlxalq platformalar üçün çox qiymətli müzakirə mövzularıdır. Beynəlxalq ictimaiyyət Bakıda göstərilən həll yollarını qlobal problemlərin açarı kimi qəbul etməkdədir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı