Səbinə Xasayeva seçicilərini dinlədi

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonun 28 May qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlar qəsəbədə yeni körpələr evi-uşaq baxçasının, mədəniyyət evinin və mərasim zalının tikintisinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsinin başa çatdırılmasının, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün mümkün olan məhəllələrdə lazımi şəraitin yaradılmasının, kanalizasiya sisteminin çəkilməsinin, “Azərsu” ASC-nin işçiləri tərəfindən su borularının təmiri zamanı müxtəlif küçələrdə 50-yə yaxın yerdə qazılıb yararsız hala salınmış asfalt örtüyünün yenilənməsinin, qəsəbənin bəzi hissələrində sıradan çıxmış su borularının təmir edilməsinin və fasiləsiz su verilməsinin təmin edilməsinin, fərdi evlərin sənədləşdirilməsinin, tibb məntəqəsinin fəaliyyətinin bərpa edilməsinin, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi Rayon İcra Hakimiyyəti başçisinin 28 May qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov iştirak etmişlər.