Azər Kərimli: “Amnistiya qərarı cəmiyyətdə bağışlama, islah olunma və yenidən inteqrasiya dəyərlərini təşviq edir”

 

“Azərbaycanın müasir dövlətçilik modeli möhkəm tarixi-siyasi təmələ, güclü hüquqi əsaslara və davamlı inkişaf fəlsəfəsinə söykənir. Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik ənənələri ölkədə sabitliyin, təhlükəsizliyin və ictimai həmrəyliyin əsas təminatçısıdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində atılan hər bir addım, o cümlədən amnistiya təşəbbüsü, Azərbaycanın hüquqi dövlət kimi yetkinliyini, milli maraqlara əsaslanan idarəetmə fəlsəfəsini bir daha təsdiqləyir. Bu yanaşma dövlətin yalnız güc amilinə deyil, eyni zamanda humanizm və sosial ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili cənab Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dövlət idarəçiliyində güc və mərhəmət balansının parlaq nümunəsi kimi dəyərləndirib: “Güclü dövlət olmaq təkcə qanunların sərt tətbiqi ilə deyil, həm də insan talelərinə həssas yanaşma, cəmiyyətin mənəvi sağlamlığını qorumaq bacarığı ilə ölçülür. Amnistiya qərarı hüquqi çərçivə daxilində sosial ədalətin təmininə xidmət etməklə yanaşı, cəmiyyətdə bağışlama, islah olunma və yenidən inteqrasiya kimi dəyərləri təşviq edir. Bu təşəbbüs göstərir ki, Azərbaycan dövləti hüququn aliliyini qorumaqla yanaşı, vətəndaşın islah potensialına da inanır. Amnistiya təşəbbüsü həm də dövlətin öz vətəndaşına münasibətinin ali nümunəsi kimi dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin əsasında hər zaman insan amili dayanır və bu, sosialyönümlü dövlət konsepsiyasının real təzahürüdür. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən bu addım cəmiyyətdə sosial sabitliyi daha da gücləndirir, milli həmrəyliyi artırır. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu humanist təşəbbüs eyni zamanda Azərbaycanın güclü, ədalətli və mərhəmətli dövlət kimi beynəlxalq imicini daha da möhkəmləndirən mühüm siyasi mesaj kimi çıxış edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.