Səbinə Xasayeva vətəndaşları qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə  deputat Səbinə Xasayeva Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.  Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Seçicilər tərəfindən qaldırılan məsələlər araşdırılması və müsbət  həlli üçün aidiyyəti qurumlara göndərilməsi məqsədi ilə qeydiyyata alınıb.

Keçirilən qəbulda iştirak edən vətəndaşlar  Xocəsən bələdiyyəsinin ərazisində yerləşən qəsəbələrdə, yeni yaşayış massivlərində kanalizasiya sistemlərinin yenidən qurulmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının,  fərdi evlərin sənədləşdirilməsinin, qəsəbədə əhalinin sayının artmasını nəzərə alaraq yeni məscidin tikintisi və qəbiristanlığın salınması  üçün torpaq sahəsinin ayrılmasının, 103 saylı tam orta məktəbin 600 şagird yeri üçün nəzərdə tutulmasına baxmayaraq məktəbdə 1300-ə yaxın şagirdin təhsil almasını nəzərə alaraq məktəbin iki mərtəbəli köhnə binasının təmir edilib ibtidai siniflərin istifadəsinə verilməsinin, 217 saylı tam orta məktəbin əsas korpusunda kanalizasiya və su xətləri sıradan çıxdığına görə təcili  təmir edilməsinin, məktəbin arxasında yerləşdirilmiş zibil qutularının infeksiya mənbəyi olduğuna görə başqa yerə köçürülməsinin, şagird və müəllimlərin məktəbə  rahat gediş-gəlişinin təmin edilməsi üçün  məktəbin yaxınlığından keçən 158 saylı avtobus xəttində avtobusların sayının artırılmasının, qəsəbədə yeni məktəbin tikilməsinin planlaşdırılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının,vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına diqqət və qayğının yüksəldilməsinin, və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

      Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

    Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov Binəqədi rayon İcra hakimiyyəti başçısının Xocəsən  qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev  və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədr müavini Qartal Budaqlı iştirak etmişlər.