Seçkiləri müşahidə üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir

Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir.

Sabahinfo.az xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkiləri müşahidə etmək üçün 3 qurum dəvət göndərir: “Bizim geniş coğrafiyada əlaqələrimiz var. Artıq biz təşkilatlara dəvətlər göndəririk".

Məzahir Pənahov qeyd edib ki, məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: "Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Bəzi ölkələrdə bu veb-kameralardan seçkini müşahidə etmək üçün icazə alırlar. Amma Azərbaycanda belə deyil”.