Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov giriş sözü ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı da hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı 24 ərazi partiya təşkilatını özündə birləşdirir. Təşkilatın 1994 partiya üzvü var ki, onlardan 461 nəfərini məhz gənclər təşkil edir.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov, sədr müavini Elvin Əliyev, Birliyin üzü, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri Zahid Qənbərov iştirak edib.

Diskussiya şəklində baş tutan görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.